Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqaviləyə xitam verilsin. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə olunsun.
2. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqavilə dayandırılsın. Qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.
3. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunsun.
4. AFFA-nın “Feyr Pley” mükafatı təsis olunsun və Əsasnaməsinin hazırlanması Baş katibliyə həvalə olunsun.
5. “Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanması Baş katibliyə həvalə olunsun.
6. 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı çağırılsın.
6.1. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunsun.
7. “Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın.
8. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq aşağıda adı göstərilmiş şəxslərə müvafiq təqaüd verilsin:
Elbrus Abbasov
Rafiq Əlizadə
Səmədağa Şıxlarov
Novil İsmayılov
Vahid Abbasov
Çingiz Haşımov
Əbdülqəni Nurməmmədov
Tahir Əmiraslanov
Şakir Qəribov
Oqtay Abdullayev
Səməd Qurbanov – xüsusi təqaüd
İsgəndər Cavadov – xüsusi təqaüd
İclasda “Elit Məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtklü yeni məşq meydanı barədə və AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat verilib, Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim olunub.
Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat İcraiyyə Komitəsinə təqdim olunub və hesabata əsasən, İcraiyyə Komitəsi bu gün müvafiq qərarların qəbul olunması üçün İntizam Komitəsinə müraciət edib.