Azərbaycan kubokunun 1/4 finalında keçirilən “Neftçi” – “Sumqayıt” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.
Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə məğlubiyyəti şərh edib:
- Nəticə neqativdi. Oyun ürəyimi açmadı. İlk dəqiqələrdən qol vurmaq istəyirdik. Ancaq bu alınmadı. Rəqibin müdafiəyəmeyyli oynayacağını bilirdik. İlk hissədə elə də çox qol epizodu yarada bilmədik. Rəqib çox qapanmışdı. Fasilədən sonra imkanlarımız olduq. Tural Axundov real şansa sahib idi. Səhvimiz ondan ibarət idi ki, futbolçular tələsir və səbrsiz davranırdılar.
- Meydana buraxdığınız heyət fərqli idi. Emin, Dabo ehtiyatda idi. Bu dəyişikliklər nə ilə bağlı idi?
- Hər ikisində zədə var idi. Dabo demək olar ki, bərpa olub. Emində isə dünənki məşqdə narahatlıq var idi. Buna görə də risk etmədik.
- Nəticədən başqa nədən narazı qaldız?
- Komandada tələskənlik var idi. Tez nəsə etmək istəyirdilər. Bundan narazı qaldım. İkinci hissədə risk etdik və yenə qol buraxa bilərdik. Əsas narahatlığım futbolçuların tələsməsi idi. Səbrli davrananda, topa nəzarət edən tərəf olanda “Sumqayıt”a çətinlik yarada bildik.
- Bu nəticədən sonra şansları necə dəyərləndirirsiz?
- Üstünlük “Sumqayıt”dadı. Səfərdə qalib gəldilər. Bu oyuna nəzər yetirdikdə, bəzi məqamlar var ki, futbolçular üçün dərs olmalı, nəticə çıxarmalı və çalışmalıdılar ki, növbəti matçda eyni şeyləri təkrarlamasınlar. Cavab matçında hər qol imkanından yararlanmaq lazımdı.