“Qəbələ” Azərbaycan kubokunda 10-cu böyük hesablı qələbəsini qazanıb.
Sportarena.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Öz meydanında “Sabah”la qarşılaşan “qırmızı-qaralar” 3 cavabsız qol vurub. Ölkə kubokunda bunadək 64 görüş keçirən komanda 9 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlmişdi. 65-ci matç 10-cu böyükhesablı qələbə ilə başa çatıb.
Bununla da “Qəbələ” bütün turnirlər nəzərə alınmaqla evdə ardıcıl 3-cü dəfə belə hesabla qalib gəlib. Elmar Baxşıyevin yetirmələri bundan əvvəl Premyer Liqanın “Səbail” və “Zirə” ilə görüşlərində qonaqları eyni hesabla məğlub etmişdi.
Bu, klub tarixində ikinci belə hadisədir. 2005-ci ildə yaranan komanda 14 illik tarixində bunadək yalnız bir dəfə ardıcıl 3 ev oyununda böyük hesabla qalib gəlib. 2005/06 mövsümündə I dəstədə çıxış edərkən “Rote Fahne”ni 4:1, “Viləş”i 3:0, “Ədliyyə”ni 4:0 hesabı ilə yenib. Həmin vaxt “Gilan” adlanan klub ev oyunlarını da təmsil etdiyi Xanlarda keçirib.
Qəbələdə isə ardıcıl üç böyükhesablı qələbəyə ilk dəfə indi - 2019-cu ilin son üç ev görüşündə təsadüf olunub. Bunadək komanda ən yaxşı halda – 2017-ci ilin sonlarında iki dəfə 3 və ya daha çox top fərqi ilə qalib gəlmişdi.