"Klubumuza qış fasiləsində yeni futbolçunun cəlb olunmayacağı barədə açıqlamamızın maddi məsələlərlə əlaqəsi yoxdur".
Sportarena.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib. Onun sözlərinə görə, komandanın hazırkı heyəti qənaətbəxşdir: "Bu məsələni klubumuzun məşqçilər heyəti ilə müzakirə etmişik. Fikrimizcə, hazırkı heyətimiz normaldır, pis deyil. Bəlkə bir futbolçu cəlb oluna bilər. Onun isə bizə nə qədər uyğun olub-olmayacağına, kömək etməyə nə dərəcədə qadir olduğuna baxandan sonra qərar verəcəyik. Amma mütləq hansısa futbolçu ilə müqavilə bağlayacağımıza dair niyyətimiz yoxdur".
Rəfiyev "Sumqayıt"ın heyətində yer alan Mehdi Şərifi və Peyman Babayinin Azərbaycan pasportu olmadığını desə də, onlara qarşı ayrıseçkiliyin edilmədiyini diqqətə çatdırıb: "Şərifi və Babayi Peşəkar Futbol Liqasında legioner kimi qeydiyyatdan keçiblər. Burada heç bir sirr yoxdur. Bunu özünüz də araşdıra bilərsiniz. Amma hər ikisi cənubi azərbaycanlıdır, azərbaycanca sərbəst danışırlar. Onlarla yerli futbolçular arasında heç bir fərq qoymuruq. Ayırsaq, məncə, düzgün olmaz".
Klub prezidenti komandanın əslən azərbaycanlı futbolçularından Əmir Ağayev və digərlərinin Azərbaycan milli komandasına cəlb olunma məsələsinə də münasibət bildirib. Rəfiyevin sözlərinə görə, bu, baş məşqçinin qərarından asılı olacaq: "Amma hüquqi baxımdan, Azərbaycan yığmasında çıxış etməyə ixtiyarları var" (Report).