Qurban Qurbanov AFFA-nın növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamalar verib.
Sportarena.az xəbər verir ki, o, əvvəlcə Riçard Almeydanın “Qarabağ”dan gedişi ilə bağlı danışıb: “Maliyyə məsələlərində anlaşmadıq. Yəni bizim təklifimiz üzərində düşünmək üçün vaxt istədi. Biz də icazə verdik. Onun gedişi itkidir. Başqa variantlar axtaracağıq. Qərarına hörmət edirik. Bu yaxınlarda onun yerinə namizədlər konkretləşəcək. İstəyirik ki, qışda yerini dolduraq”.
Təcrübəli mütəxəssis Asmir Beqoviç və Maqaye Geye transferlərinin uğursuz adlandırılmasından danışıb: “Hər futbolçu istədiyin kimi ola bilməz. Beqoviçin çıxışından razı idim. İstərdim ki, onunla birlikdə qrupdan çıxaq. Geyenin də az xeyri dəymədi. Lakin daha yaxşı olmasını istərdik. Qışda yeni hücumçu almağa çalıçacağıq”.
Qurbanov çempionatda komandaların sayının artırılması barədə də danışıb: “Klub sayının 10 olması 8-dən daha yaxşıdır”. Çalışdırıcı Mahir Emreli və Musa Qurbanlının xaricdən təklif almasına da şərh verib: “Heç biri üçün xaricdən təklif almamışıq”.
Qurbanov SSRİ çempionatı formatında liqa keçirilməsi ilə bağlı Rusiyalı mütəxəssislərin fikrilərinə də münasibət bildirib: “Bu real görünmür. İkincisi də istəmərəm ki, kiməsə qulluq edək. Elə öz çempionatımız barədə düşünək. Kiməsə güvənib kiminsə bayrağı altında oynamayaq. Elə öz liqamızı inkişaf etdirək. Yerli futbolumuza güc verək”.