"Hazırlığa yanvarın 4-də Bakıda başladıq. Artıq iki gündür Türkiyədə məşq edirik. Toplanışın ilk günündən bütün futbolçular səylə çalışır, istəklidirlər. Məşqlərə başladığımız vaxtdan yaxşı hazırlıq keçirik. Komandada yüksək atmosfer var. Bunun da hazırlıq prosesinə müsbət təsiri böyükdür. Antalyadakı məşq qrafikimiz daha sıxdır".
Sportarena.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu İvitsa Juniç klubun rəsmi saytına açıqlamasında komandanın Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesi barədə danışarkən deyib. 32 yaşlı müdafiəçi bildirib ki, mövsümün ikinci yarısına tam hazır olmaq üçün toplanış çərçivəsində həm fiziki, həm də texniki-taktiki hazırlıq üzərində çalışacaqlar.
Xorvatiyalı oyunçu hazırlıq prosesində baş tutacaq yoxlama oyunlarının vacibliyinə də toxunub: "Bakıdakı hazırlığı MOİK-lə qarşılaşma ilə başa vurduq. 4:0 hesablı qələbə səfərə yüksək əhval-ruhiyyə ilə çıxmağımıza səbəb oldu. Türkiyədə daha 4 matça çıxacağıq. Məşqlərlə yanaşı, bu qarşılaşmaların da faydası böyükdür. Hazırlıq prosesində üzərində çalışdığımız texniki-taktiki elementlərin icrasını oyunda görmək səmərəli olacaq. Bu görüşlərə yaxşı hazırlaşacağıq. Hesab edirəm ki, matçlarda yaxşı oyun nümayiş etdirib, mövsümün ikinci yarısına tam hazır olacağıq”.
Qeyd edək ki, yanvarın 14-də "qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi "Çayka” olacaq. Ayın 22-də Bolqarıstanın "Etar” klubu ilə üz-üzə gələcək komanda yanvarın 25-də bu ölkənin digər təmsilçisi "Dunav” ilə qarşılaşacaq.