Ayxan Abbasov: "Gənclərimiz yaxın illərdə Azərbaycan millisinin aparıcı üzvlərinə çevriləcəklər" - MÜSAHİBƏ

13:31 26 Yanvar 2020

Türkiyədə təlim-məşq toplanışını başa vuran “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov klubun saytına müsahibə verib.

 

Sportarena.az 38 həmin müsahibəni təqdim edir:

 

- “Sumqayıt”ın təlim-məşq toplanışını ümumi olaraq necə dəyərləndirərdiniz?
- Yanvarın 3-dən etibarən Sumqayıtda mövsümün ikinci yarısı üçün hazırlıqlara start verdik. Məşqlərimiz yüksək tempdə getsə də, yükləmələri pillə-pillə artırmaqla ümumi plan üzrə çalışdıq. Ayın 12-də hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollandıq. Antalyada olduğumuz müddətdə futbolçularımı istəkli görmək məni çox sevindirdi. Ümumən, nizam-intizam sarıdan problem yaşamadıq. Keçirdiyimiz bütün yoxlama oyunlarına ciddi şəkildə yanaşdıq və hər oyuna ayrıca hazırlaşdıq. Antalyada olduğumuz müddətdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışdıq. Toplanışda yeganə üzücü məqam yarımmüdafiəçimiz Vüqar Mustafayevin zədələnməsi oldu. Ümid edirəm ki, tez bir zamanda zədəsini sağaldıb, komandaya qoşulacaq.

 

- Toplanışın ikinci mərhələsində 4 yoxlama oyunu keçirdiniz ki, bu qarşılaşmalarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alındı...
- İlk iki qarşılaşmada hər hissəyə fərqli heyətlə başladıq. Hər kəsə eyni bərabərlikdə şans verməyə çalışdıq. Çünki, buna ehtiyacımız var idi. Bütün mövqelərdə futbolçularımız arasında yaxşı mənada rəqabət yaratmaq istəyirdik. Bu əsasən də, gənc futbolçulara görə hesablanmış addım idi ki, onlar hər zaman “döyüşə” hazır olsunlar. Bilirsiniz ki, çempionat boyu gənclərə çox üstünlük vermişik. “Kaposvar”la baş tutan ilk matçda məğlub olsaq da, futbolçulardan razı qaldım. Çünki, onlarda istədiyim hərəkətliliyi və verilən tapşırıqları səhvsiz yerinə yetirmə istəyini gördüm. Rumıniya təmsilçisi “Poltexnika İaşi” ilə oyunda isə bərabərlik qeydə alınmağına baxmayaraq, görüş qarşılıqlı mübarizə şəraitində keçdi. Hətta deyərdim ki, keçirdiyimiz oyunlar arasında mübarizə baxımından ən bəyəndiyim matç məhz Rumıniya təmsilçisinə qarşı oldu. Son iki oyunda isə qələbə qazandıq. Polşa “Arka”sını 1:0 yendiksə, bu gün “Şaxtyor”la oyun daha məhsuldar alındı. Çempionat öncəsi ardıcıl qələbə qazanmağımıza sevindik. Çünki komandanı qalib ruhda çempionata hazırlamaq istəyirik. Ümumilikdə keçirdiyimiz oyunlardan razı qaldım. Amma bununla belə, hələ də səhvlərimiz var ki, bu da qaçınılmaz haldır. Sumqayıta qayıtdıqdan sonra da səhvlərimizin üzərində çalışacağıq ki, çempionatda da tam gücümüzü ortaya qoyaq.

 

- Antalya toplanışına gələn gənc futbolçuların çıxışını ümumi olaraq necə dəyərləndirərdiniz?
- Bilirsiniz ki, çempionatın ilk yarısında 5 limit futbolçu ilə oynamışıq. Türkiyə toplanışına əvəzedici komandamızda daim forma şansı qazanan futbolçulardan 3 nəfəri – qapıçı Ələkbər Ağayevi və meydan oyunçuları Cavid Quliyev və Nəbi Məmmədovu da özümüzlə gətirmişdik. Onu da bildirim ki, Ələkbər və Cavid öz akademiyamızın yetirmələridir. Bu gün gənclərin inkişafı üçün müəyyən zaman lazımdır. Gənclər də həmişə öz üzərlərində işləməlidirlər. İnanıram ki, akademiyamızın yetirmələri olan hazırda bizimlə birlikdə bu kollektivdə olan gənclərimiz yaxın illərdə Azərbaycan millisinin aparıcı üzvlərinə çevriləcəklər.

 

- Artıq Antalya toplanışı başa çatdı. Bu günki vəziyyətdə komanda çempionata sizcə neçə faiz hazırdır?
- Toplanışdan sonra ilk turlar həmişə istər-istəməz çox çətin keçir. Çünki Premyer Liqada yer alan bütün komandalar təlim-məşq toplanışında olurlar. Düşünürəm ki, ilk 3 tur bizim üçün çox ağır olacaq. Amma bu görüşlərdə ümumi mübarizəyə gücümüzün çatacağını düşünürəm.

 

- “Şaxtyor”la son yoxlama oyunu keçirən “Sumqayıt” sabah vətənə dönəcək. Komandanın sonrakı planları barəsində məlumat verərdiniz...
- Bu gün artıq komandamız Antalya toplanışını başa vurdu. Səhər saatlarında inşallah Vətənimizə yola düşəcəyik. İki günlük istirahətin ardından “Kapital Bank Arena”da “Neftçi” ilə oyunun hazırlıqlarına start verəcəyik.


Digər xəbərlər

Xəbər xətti