“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 0:1 hesablı məğlubiyyəti şərh edib:
- Maraqlı oyunun şahidi olduq. Fasilədən sonra ilk oyun çətin olur. Çalışdıq ki, müdafiədə az səhv edək. Rəqibin təcrübəli futbolçuları öz fərdi bacarıqlarından yaxşı istifadə etdi. İlk hissədə 2-3 qol imkanımız da oldu. Rəqib təzyiqi artıranda səhvlər də başladı. Geniş heyətə sahib komandaya qarşı oynadıq. Bu matçı unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq.
- Demək olarmı ki, Maykl Essyen gələndən bəri ən yaxşı oyununu göstərdi?
- Essyenin ustalığına söz ola bilməz. Sizinlə razıyam. Əvvəl az oynamasına səbəb onun tədbirlərdə olması idi. Bəzən 5, bəzən 3 günlük olmurdu. Qış fasiləsində onunla danışdıq və bildirdik ki, onun köməyinə ehtiyacımız var. Belə oyunlarda onun təcrübəsindən faydalanmaq istəyirik.
- Kasad heyətlə “Keşlə” ilə oyuna necə hazırlaşacaqsız?
- Rəqiblərə fərq qoymayacağıq. Bu gün “Qarabağ”ın əsəbləri ilə oynamağı bacardıq. Qol da vura bilərdik. Hər oyuna maksimum hazırlaşırıq. Heyətimiz kasad olsa da, gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərə bilər. Bu mövsüm iddiamız ciddi olmasa da, gənc futbolçuları qazana bilərik.
- Yeni transfer Peyman Keşavarzın oyunu sizi qane etdimi?
- Müdafiə mövqeyində problemimiz var idi. Erikonun xroniki zədəsi var. Bu, baş qaldıranda 2-3 həftə vaxt lazımdır. “Zirə” ilə son kubok matçında ağır oyun keçirmişdi. 120 dəqiqə meydanda qalmışdı. Keşavarz il yarım idi ki, futbol oynamırdı. Baxışa çağırdıq. Onun bəzi keyfiyyətləri bizi qane edir. Getdikcə daha yaxşı olacaq.