Premyer Liqanın 16-cı turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edən "Neftçi"nin futbolçusu Donald Gerye oyundan sonra müsahibə verib.
Sportarena.az xəbər verir ki, haitili cinah oyunçusu öncə qarşılaşmanı şərh edib:
- Yaxşı oyun oldu. Hər iki komanda vuruşurdu. Bizim üçün bu nəticə qənaətbəxş ola bilər. Çünki səfərdə oynayırdıq. Buna görə də 1 xal yaxşı sayıla bilər.
- Xal fərqi 8-dir. Düşünmürsən ki, hər ötən turdan sonra çempionluq uzaqlaşır? Deyəsən, bununla barışmısınız.
- Hədəfimiz var: çempionluq. 2-ci yerlə barışmaq istəmirik. 2-ci yer bizim üçün deyil. Komanda bu gün meydanda ürəyini qoydu. Futbolda hər şey ola bilər. Qarşıda çox oyun olmaya bilər, amma şanslar qalır. Gördünüz ki, komanda bu gün yaxşı oynadı.
- Klub prezidenti Kamran Quliyevlə oyundan sonra qucaqlaşıb, söhbət etdiniz. O, sizə nə deyirdi?
- O, dedi ki, yaxşı oynamışam. Bildirdi ki, sən “Neftçi”də daim qalacaqsan.
- Roberto Bordinin gedişindən sonra “Neftçi”də nə dəyişib?
- İlk növbədə məşqlərimiz dəyişir. Daha çox topla oynayırıq. Bu, bizə formada qalmağa kömək edir. Komanda özünü daha yaxşı hiss edir. Siz də bunu meydanda görürsünüz. Meydanda daha hərəkətliyik. Biz məşqlərdə taktikaya çox önəm veririk. İnşallah, daha yaxşı oynayacağıq.
- Füzuli Məmmədovla çempionluq hədəfinə çatmaq mümkündür?
- Fikrimcə, bəli. Onun rəhbərliyi altında çempionluğa oynaya bilərik. Füzuli Məmmədov bu 2 oyunda taktiki baxımdan bizə çox şey verdi. Öz təcrübəsindən də istifadə edir. Deyərdim ki, o, taktikaya çox önəm verən məşqçilərdən biridir. Bu da oyunlarımızda özünü büruzə verir.
- “Qarabağ”ı yaxşı tanıyırsan. Riçard Almeydanın gedişindən sonra ağdamlıların əvvəlki gücdə olmadığı deyilir. Səncə, bu ayrılıq onlara necə təsir edəcək?
- İstəməzdim ki, başqa komanda barədə danışım. Ancaq bu, “Qarabağ”dır və mənim keçmiş komandamdır. Almeyda “Qarabağ” üçün ən önəmli və vacib oyunçulardan biri idi. Təbii ki, nəsə dəyişib. 100 faiz əminliklə deyərdim ki, “Qarabağ”da Qurban Qurbanov kimi baş məşqçi, Rəşad Sadıqov və digər təcrübəli oyunçular var. Artıq onlar bu fərqi görürlər, hiss edirlər. Yəqin ki, buna uyğun iş görəcəklər.