“Milliyə Klopp, Qvardiola, Naqelsmann da gəlsə, böyük nəticə olmayacaq” - MÜSAHİBƏ

15:42 13 Fevral 2020

Son günlərin əsas müzakirə mövzusu Azərbaycan millisinin yeni baş məşqçisinin kim olacağıdı. AFFA-nın Hesabat-Seçki Konfransında 32 məşqçidən ibarət geniş siyahının olduğu açıqlanmışdı. Son məlumata görə, artıq “short list” tərtib olunub və namizəd sayı 5-ə qədər enib.

 

Bəs İndiki məqamda milliyə necə məşqçi lazımdı? Suallarımızı futbol mütəxəssisi Aslan Kərimov cavablandırdı...

 

- Əvvəla onu deyim ki, necə məşqçi və ya kimin təyin edilməsindən asılı olmayaraq, böyük bir dəyişiklik gözləməməliyik. İstər aşağı, istər yuxarı səviyyəli olsun, Azərbaycan millisində az fərq verəcək. Dünyanın ən yaxşıları– Klopp, Qvrdiola, Naqelsmann da təyin edilsə, böyük nəticələr əldə edilməyəcək. Yüngülvari nəsə ola bilər, amma ciddi uğur – Avropa, dünya çempionatlarının final mərhələsinə yüksəlməyi gözlənilmir. Belədisə, mən böyük pullar verilib hansısa məşqçinin gətirilməsini istəməzdim. Çünki bu, effektiv olmayacaq və həmin pula dəyməyəcək. Ödənişi çox olmayan, cavan və bir az da bizi tanıyan, bilən mütəxəssis olmalıdı. Əsas məqamlardan biri yeni tendensiyalardan xəbərdarlığı, köhnə düşüncədə olmamasıdı. Bu halda nəyəsə nail olmaq olar. Mən qrupdan çıxmağı nəzərdə tutmuram, sadəcə müəyyən bir artım ola bilər.

 

- Yerli, yoxsa əcnəbi ilə?
- Bir az əvvəl dediyim kimi əsas məsələlərdən biri bizi tanımasıdı. Burda isə təbii ki, ağıla daha çox yerli mütəxəssislər gəlir. Ancaq istənilən halda futbolçuları bir yerə toplayıb oynatmaq, onlara bir fəlsəfə aşılamaq həm yerli, həm də əcnəbi üçün aşağı-yuxarı eyni dərəcədə çətin olacaq. Əslində, taktika, texnika baxımından milli komandaya böyük bir şey verməyə ehtiyac yoxdu. Onsuz da bəlli bir üslub var. Futbolçuların taktiki bacarıqları kifayət edir ki, verilən tapşırığı yerinə yetirsinlər. Burda bir məqam ondan ibarətdi ki, millidə yalnız öz futbol məktəbimizin yetirmələri deyillər, legionerlər, milliləşdirilən futbolçular da var. Bu baxımdan həmin oyunçularla yerliləri bir yerda can-başla oynatmaq istənilən məşqçi üçün çətin olacaq. Mən xüsusilə bunun öhdəsindən gələ bilən mütəxəssis olmasını istərdim.

 

- Namizədlər arasında yerli məşqçilərin adı hallanmır. Siz onları yaxından tanıyırsız, aralarında millini çalışdıra biləcək kimisə görürsüzmü?
- Belə deyim, məşqçilik yalnız texniki savaddan ibarət deyil. Mən yerli məşqçilərin texniki tərəfinə başımla cavabdeh ola bilərəm. 100 faiz əmin edə bilərəm ki, öz mütəxəssislərimiz hansısa oyun üçün strategiya seçmək, taktika qurmaq, məşqlərin təşkili kimi proseslərdə gətiriləcək istənilən xarici məşqçidən geri qalmayacaqlar. Sadəcə, məşqçinin oyunçuları idarə eləmək bacarıqları vacibdi. Kimlər bunun öhdəsindən gələ bilər? - əsas məsələ budu. Əslində, bu baxımdan da təcrübəli məşqçilərimiz var. Futbol ictimaiyyətində Samir Abasov, Ayxan Abbasov, Tərlan Əhmədovun adı daha çox hallanır. Onlar millinin futbolçularını tanıyırlar və fikrimcə, bu işin öhdəsindən gələ bilərlər. Ancaq düzü, bunu deyəndə bir az çətinlik də çəkirəm. Çünki hər situsaiya digərinə tam uyğun deyil. Milli üzvlərinin yeni çalışdırıcını qəbul edib-etməməsi və ya nə qədər müddətə qəbul etməsi vacibdi. Bunun üçün xeyli vaxt lazım gələ bilər. Həmin müddət yerli məşqçilərdə olacaq, ya yox – bu məsələ var. Əcnəbidə onsuz da olmayacaq. Çünki gəlmə gətirirsənsə, qısa zamanda bir nəticə tələb edirsən. Yerlilərdə isə 1-2 məğlubiyyətdən sonra futbol ictimaiyyəti “Olmadı!” deyib, etiraz bildirəcək. Doğrusu, indiki məqamda mənim üçün milliyə kimin baş məşqçi təyin edilməsi o qədər də önəm kəsb etmir. Problemi başqa yerlərdə – daha aşağı yaş qruplarında, daxili çempionatda görürəm. Bunlar düzəlsə, məşqçidən asılı olmayaraq milli komandada da nəticələr yaxşılaşacaq.

 

- Hər halda, indi üçün əsas müzakirə mövzusu budu və bugünlərdə ən çox Abdulla Avcının adı hallanırdı. Düzdü, son məlumata görə, o, imtina edib, ancaq necə fikirləşirsiz uğurlu variant ola bilərdimi?
- Məncə, öncəkilərin də namizədliyini bərbad saya bilmərik. İndiyə qədər millidə çalışanlar aşağı-yuxarı bir nəticə qazanıblar. Abdulla Avcı Türkiyədə savadlı məşqçilərdən sayılır. Amma nə qədər savadlı olsa da, böyük mənada bizdə bir şey dəyişməyəcəkdi. Onun bacarığına şübhə etmirəm. Avcı Türkiyədə uğur qazananlardan daha çox savadı ilə üzə çıxanlardandı.

 

- Yığmaya yeni baş məşqçi təyinatında təcrübə, xüsusilə də milli komanda təcrübəsi nə dərəcədə nəzərə alınmalıdı? Məsələn, Yurçeviç təyin edilən gündən haqqında şübhələr var idi və sonda o qədər uğurlu olmadı...
- Təbii ki, idarəetmə bacarığı vacibdi. Klubla milli fərqlidi. Klubda hər gün futbolçularla olursansa, millidə yalnız toplanışlarla kifayətlənirsən və onda maksimuma nail olmalısan. Yığmanın bu kimi spesifik xüsusiyyətləri var. Buna görə də milliyə gələn məşqçi bəlli xüsusiyyətlərə malik olmalıdı. Ancaq yenə də deyim ki, nəticə baxımından böyük bir şey gözləməyə dəyməzə. Yalnız oyunumuzu yaxşılaşdıra bilərik. Bu baxımdan da həm yerli, həm əcnəbilər bunun öhdəsindən gələ bilər. Əcnəbinin əsas çətinliyi bura bələd olmamasıdı. Onun uyğunlaşması üçün uzun müddət lazım olacaq. Bu zaman da məğlubiyyətlə və ya pis oyunla keçəcək, səhvlər edəcək, eksperimentlər aparacaq. Yerlilər oyunçularımızı tanıyırlar, amma milli təcrübələri yoxdu. Türklər demiş, “durumumuz vahimdi” (gülür). (futbolpress.az)


Digər xəbərlər

Xəbər xətti