“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.
Sportarena.az xəbər verir ki, bu, XVII turun “Zirə” ilə səfər matçına (6:0) təsadüf edib. Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib. Mahir Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib.
Mahir Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. O, eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir. A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur.
Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir. Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb.
Mahir ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib.