14-16 fevral 2020-ci il tarixində, Latviyanın Riqa şəhərində “Riqa Gənclər kuboku” yarışı keçirilib. 17 avropa ölkəsindən 350 idmançının qatıldığı Kubokda Azərbaycanı 3 yaş kateqoriyasında altı idmançımız təmsil edib.
Sportarena.az xəbər verir ki, 2008-ci il və daha kiçik təvvəllüdlü idmançıların mübarizəsində oğlarların yarışında həmyerlimiz Adil Əhmədzadə 1-ci yer tutaraq çempion adına layiq görülüb. Qızların yarışında isə Mərziyyə Nürmətova ölkəmizi iki yaş qrupunda təmsil edərək 2008-ci il və daha kiçik təvvəllüdlü yaş qrupunda rəqiblərini məğlub edərək qızıl medala, 2005-2007-ci il təvəllüdlü qrupda isə bürünc medala layiq görüldü. Həmin yaş qrupunda oğlanların yarışında daha bir təmsilçimiz Hüseyn Eylazov müsbət nəticə göstərərək bürünc medala layiq görüldü.
Qeyd edək ki, tennisçilərimiz 03-08 fevral 2020-ci il tarixlərində Çexiyanın Ostrava şəhərində Avropa Stolüstü Tennis Birliyinin “EVROTALANT” proqramı çərçivəsində baş tutan beynəlxalq təlim-məşq toplanışında iştirak etmişdilər. Məhz bu cür tədbirlərdə idmançıların qazandığı biliklər və təcrübə mübadiləsi müxtəlif yarışlarda uğurlu iştirak etmək üçün böyük təkan verir.