“Qarabağ” mövsümün yeni rekorduna imza atıb.
Sportarena.az xəbər verir ki, “köhlən atlar” ardıcıl 5-ci quru oyununu keçirib. Sonuncu dəfə 14-cü turun “Keşlə” ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun komandası 2020-ci ildə “çərçivəsini” toxunulmaz saxlayıb.
“Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0) və “Sumqayıt”ın (1:0) ardından XIX turdakı rəqib “Sabah” da (0:0) bu seriyanı qıra bilməyib. Bununla da “Qarabağ” mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam klubuna məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmamışdı.
Qapıçı Şahruddin Məhəmmədəliyevin quru seriyası isə 493 dəqiqəyə çatıb. O, sonuncu dəfə dekabrın 6-da “Keşlə”yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində Tural Bayramlının zərbəsi qarşısında aciz qalıb (PFL).