Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibə verib.
Sportarena.az qol.az-a istinadən həmin müsahibəni təqdim edir.
- Premyer Liqamızın oyunlarını izləyə bilirsinizmi?
- Əlbəttə, mən çempionatı keçirən qurumun rəhbəri kimi oyunları izləməliyəm. Ən tez işdən çıxanda saat 9 olur. Kabinetimdə televiziya vasitəsilə bütün oyunları izləyirəm. Hər şeyi görürəm, hər şeydən məlumatım var.
- Ümumiyyətlə, axır vaxtlar sizi stadionlarda az-az görürük.
- Səhhətimlə əlaqədar stadionlara gedə bilmirdim. Müəyyən problemlərim var idi. Yavaş-yavaş düzəlir. Düzdür, müalicə davam edir, amma tezliklə yenidən oyunlara gedəcəyəm.
- Sizə görə, çempionat necə keçir?
- Son turda “Qarabağ”ın “Sabah”la heç-heçə oynaması, dünən “Neftçi” ilə “Səbail”in 1:1 oynaması çempionatın maraqlı keçməsindən xəbər verir.
- Ancaq lider “Qarabağ”la ən yaxın izləyicisi “Neftçi” arasında 8 xallıq fərq var. Bu, marağı azaltmır?
- Deməzdim. Çünki 8 xal o qədər də böyük xal deyil. Dünyanın çox yerində belə şeylər olur. Tək bizdə belə deyil. Sözsüz ki, biz də istərdik ki, hər şey başqa cür olsun. Hətta “Qarabağ” xal itirəndə bizim işçilərimiz hardasa təskinlik tapırlar. Çünki liderlər xal itirəndə çempionat maraqlı olur. Mənim bu sözümü oxucularımız və sizin həmkarlarınız başqa yerə yozmasınlar. Çünki səbəbini dedim. Ümumi götürəndə, məncə, pis deyil. İnanıram ki, gələn il daha maraqlı olacaq. Çünki komanda sayı artmalıdır.
- Bir neçə ildir Premyer Liqada komanda sayı artacağı deyilir, ancaq sonda bunun şahidi olmuruq.
- 100 faiz artacaq. Komanda sayı artanda gərginlik də çoxalacaq. Oyunları sayı da artacaq
- Son zamanlar yenə hakimlikdə narazılıq artıb. Elə “Sabah”la oyunda “Qarabağ”ın təmiz qolu qeydə alınmadı. Bu barədə nə düşünürsünüz?
- “Qarabağ”ın oyunundakı epizodlara baxdım. Deyirlər, iki penalti verilməyib. Ancaq mən orada penalti görmürəm. Düzgür, qol təmiz qol idi. Bu da məncə, baş hakimin gəncliyindəndir. Əgər referi peşəkar oslaydı, cavabdehliyi üzərinə götürüb, qolu saya bilərdi. Onun gəncliyini nəzərə alsaq, hakimdən qərəz güdmək olmaz. Bilirsiniz ki, son zamanlar oyunların çoxu gənc hakimlərə verilir. Onlar da səhv edə-edə hakim olurlar. Səhvsiz hakim olmur. Düzdür, oyunçuların haqqı itir, əziyyət çəkirlər, məşqçi əsəbləşir. Bu gün “Qarabağ”ın o xala ehtiyacı olmasa da, ola bilər ki, çempionatın sonunda ehtiyacı olsun. Ancaq söhbət hakimlikdən gedirsə, mən inanmıram ki, burada qərəz var.
- Son hakim səvlərindən sonra Hakimlər Komitəsinə tövsiyələriniz olub?
- Bizim çempionatı keçirən departamentin sədri var – Elgiz Abbasov. O, Hakimlər Komitəsinin sədri ilə tez-tez görüşür, söhbətlər olur. Lazım olanda görüntülər tələb olunur.
- Milli komandamıza baş məşqçi seçimi aparılır. Sizcə, indiki vaxt milli komanda yerli məşqçiyə tapşırılmalıdır, yoxsa əcnəbi?
- Mən həmişə sözümü demişəm. Əgər biz bu gün millimizdən nəticə gözləyiriksə, səhv edirik. Çünki nəticə verə bilən oyunçularımızın sayı çox azdır. Bunun günahını da futbolsevərlərimiz AFFA və PFL rəhbərlərində görürlər. Bu da düzgün deyil. Heç klublarla maraqlanan yoxdur ki, ay klub, hanı yetişdirdiyin oyunçular? Hər şeyi AFFA-nın, PFL-in üstünə atmaq olmaz.
- Yəni problemin futbolçularda olduğunu, baş məşqçinin yerli və ya əcnəbi olmasının fərq etmədiyini deyirsiniz?
- Bəli. Hər kim olsa, ona şans verilməlidir. Nəinki AFFA rəhbərliyindən, elə azarkeşlər tərəfindən də. Yeni məşqçi 2-3 il komandanın, çempionatın içində olmalıdır. “Səbail”, “Sabah”, “Neftçi” və “Qarabağ”da yaxşı yerli futbolçularımız var. Ancaq sayladır. Bu gün yerli hücumçularımız zəifdir. Qapıçı məsələsinə gələndə, bir tək Emil Balayevlə olmaz ki. Bəs Balayev zədələnsə, onu kim əvəz edəcək? Yəni bir futbolçu ilə olmaz. Gərək hər mövqedə bir neçə yaxşı futbolçumuz olsun ki, rəqabət olsun. Rəqabət olmasa, mübarizə olmayacaq. Ona görə də yeni məşqçi daima çempionatı izləməlidir. Demək olar ki, bütün klublarımızda yaxşı yerli oyunçular var. Sadəcə, onları seçmək lazımdır. Bunu da tək baş məşqçi etməməlidir. Köməkçi məşçqilər də var. Onlar da oyunları izləməlidir. Oyunçuların potensialını görə bilən məşqçi lazımdır.
“Neftçi”də işlədiyim üçün həmişə İslam Kərimovu misal çəkirəm. O, bəzən bölgələrdən elə bir futbolçu tapıb gətirirdi ki, həqiqətən sonradan nəticə verirdi. Bunların hamısı şərtlərdir.