Premyer Liqada 20-ci turun “Keşlə” – “Qarabağ” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Maraqlı oyun izlədik. Bir tərəf topa nəzarət edirdi, digər tərəf də sürətli hücumlar qurmaq istəyirdi. Hər iki hissədə imkanlarımız oldu. “Qarabağ” layiqli qələbə qazandı. Bu əzmkarlıq, istəyə görə futbolçulara deyəcək sözümüz yoxdu. 3 əsas heyət oyunçumuz yox idi. Meydana çıxan hamı yaxşı təsir bağışladı. Getdikcə oyunlar daha da ağırlaşır. Bu oyundakı səhvlərdən nəticə çıxarmaq istəyirik.
- Aleşandre Kriştavaoya kifayət qədər şans verirsiz. Meydanda gördüyü işdən nə dərəcədə razısız?
- Hiss olunur ki, yavaş-yavaş komandaya uyğunlaşır. Onun iş əmsalı başqadı, Frutosunku başqa. Bu gün fərqli oynamalıydıq, amma itkilərə görə belə oldu. Hələ tam uyğunlaşmayıb.
- Lorenso Frutosda geriləmə hiss olunmur ki?
- Bir müddət məşqlərdən kənar qaldı. Ona görə tam formasını bərpa etməyib.
- Ruslan Qurbanovu yarımmüdafiədə oynatdız. Çıxışından razı qaldız?
- Hücumameylli yarımmüdafiəçi kimi oynayırdı. Uzun müddət zədə ucbatından məşqlərdən kənar qalıb. Kamaranı Turalı əvəzləyəcək yeganə oyunçumuz Ruslan idi. Məcburiyyətdən orda oynadı. Bacardığı qədər mübarizə apardı.
- Müdafiənizin cinahları rəqib üçün açıq dəhliz idi sanki. Təsadüfi deyil ki, ilk hissədən sonra Cabir Əmirlini İlkin Qırtımovla əvəzlədiz. Maraqlıdı, variantınız olsa, Azər Salahlını da əvəzləyərdizmi?
- Bəlkə də dəyişiklik etsəydik, daha böyük fəsad verərdi. Bir oyuna görə kimlərisə ittiham etmək olmaz. Komanda uduzursa, ilk növbədə baş məşqçi günahkardır.
- “Neftçi” ilə xal fərqi xeyli böyüdü...
- Mən söz verməmişəm ki, komanda 1, ya da 2-ci yeri tutacaq. Məqsədimiz mükafatçılar sırasına düşmək və ya avrokuboklara getməkdi. Məni öz oyunlarımız maraqlandırır. Qazana bildiyimiz qədər xal toplamaq istəyirdik. Kiminsə yerinə göz dikmək planım yoxdur.