"Klubumuzun fəaliyyətini tamamilə dayandıracağı ilə bağlı yayılan xəbərlər əsassızdır".
Sportarena.az offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın direktoru Höccət Hacıyev deyib.
Sosial şəbəkələrdə yayılan söz-söhbətlərə görə, cənub klubu birdəfəlik qapadılacaq. Bu, "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun Türkiyədə həbsə alınmasıyla əlaqələndirilir. İddialara görə, iş adamı başına gələnlərdən sonra futbol sferasından əlini çəkəcək, Lənkərandakı stadion və bazanı dəyər-dəyməzinə satacaq.
Lakin Höccət Hacıyev iddiaları təkzib edib: "Xəzər Lənkəran" uşaq futbolunda qalmaqdadı. Üç komandamız ölkə çempionatında çıxış edir. Bazamızı daxili imkanlar hesabına saxlayırıq. "Xəzər Lənkəran" niyə dağılmalıdı ki? Stadion da öz yerindədi, satılmır. Hər an hər şey ola bilər. İnanırıq ki, Mübariz müəllim azadlığa çıxacaq. Hamımız bunu istəyirik və səbirsizliklə o günü gözləyirik."Xəzər Lənkəran" hər an böyük futbola qayıda bilər. 2004-cü ildə Mübariz müəllimin klub yaradacağını da heç kim gözləmirdi. Ancaq o, gəldi və Azərbaycan futboluna yeni nəfəs verən klub yaratdı. Eyni hadisə yenə təkrarlana bilər".