2010-cu ildə yaradılmış “Sumqayıt” klubu bu il 10-cu ildönümünü qeyd edir.
Sportarena.az xəbər verir ki, klubun sosial şəbəkə hesabı "gənclik şəhəri" təmsilçisinin tarixi ilə əlaqədar kiçik rubrika (“yaxın keçmişə səyahət”) ilə görüşə gəlib.
2010/2011 mövsümündən etibarən 1-ci divizionda çıxış edən “Sumqayıt” bir il sonra Azərbaycan Premyer Liqasına yüksəlib. 2011/2012 mövsümünün ilk yarısını “Sumqayıt Şəhər” PFK adı altında mübarizə aparan komanda 2012-ci ilin yanvarından etibarən Premyer Liqada “Sumqayıt” FK adı altında yarışıb.
2010-cu ildə 1-ci divizionda çıxış edən komandaya Baba Əsgərov rəhbərlik edib. 2011/2012 mövsümündən etibarən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK-nı yüksək liqada ilk çalışdıran məşqçi isə almaniyalı mütəxəssis Bernhard Raab olub.
“Sumqayıt” FK Premyer Liqada ilk oyununu 06.08.2011-ci ildə səfərdə “Xəzər Lənkəran”a qarşı keçirib. Həmin qarşılaşmada 1:2 hesablı məğlub olan komandanın yeganə qolunun müəllifi Eşqin Quliyev olub. O, qarşılaşmanın 84-cü dəqiqəsində Kamran Ağayevin qoruduğu çərçivəyə yol taparaq klubun tarixinə Premyer Liqada ilk qolun müəllifi kimi düşüb. Sumqayıt şəhərinə böyük futbolun qayıdışı isə 14.08.2011-ci ilə təsadüf edib.
“Sumqayıt” FK-nın ilk kapitanı isə komandanın sabiq baş məşqçisi Samir Abasov olub. 3 mövsüm klubun uğurları üçün çalışmış Abasov komandanın heyətində ümumilikdə 82 qarşılaşmada meydana çıxıb.
2011/2012 mövsümündən Premyer Liqada çıxış edən komanda ilk oyununu həmin tarixdə “Qəbələ”yə qarşı keçirib. Bu qarşılaşmadan da eyni hesablı məğlubiyyətlə ayrılan komandanın yeganə qolunun müəllifi Orxan Əliyev olub. Məhz “Sumqayıt” – “Qəbələ” oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan təxminən 8 min azarkeş izləyib.