"Karantin bizim üçün çətindir. Heç yerə gedə bilmirik. Evdə qalmışıq, məşq etmirik, oyun yoxdur, çətin günlərdir. Futbolçu məşq etməsə, oyun olmasa, günləri əlbəttə çətin keçər".
Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Səbail" klubunun futbolçusu Peyman Keşavarz deyib.25 yaşlı iranlı müdafiəçi evdə məşqlər etdiyini bildirib: "Özümü formada saxlamaq istəyirəm ki, matçlar başlayanda oynaya bilim".
Oyunçu İrandakı ailəsi ilə əlaqədə olduğunu sözlərinə əlavə edib: "Ailəmlə daim danışıram. Təbrizin Şəbüstər rayonundanam. Orada vəziyyət normaldır, ailəmdə də hamı yaxşıdır. Onlar da çölə çıxmır, karantindədirlər. Bir rayondan digərinə getmək olmur. Bakıdakı kimi giriş-çıxışı bağlayıblar. Əsas odur ki, vəziyyətləri yaxşıdır".
Müdafiəçi ölkəsində koronavirusun çox yayılmasının səbəbini bu cür izah edib: "Koronavirus İrana birinci dəfə gələndə qarşısını Azərbaycandaki, Bakıdakı qədər almadılar. Millət küçədə gəzməyə çıxdı, virusu saymadı. Ona görə çox yayıldı. İndi isə ölkədə karantin var, yavaş-yavaş əməl edirlər".
Keşavarz hazırkı situasiya ilə əlaqədar Azərbaycanda darıxmadığını vurğulayıb: "Belə vəziyyətdə hər kəs ailəsinin yanında olmaq istəyir. Türkəm, sizinlə eyni dildə danışıram, ona görə də yaxşıyam. Sizinlə mənim elə də fərqim yoxdur, rahat danışıram, darıxmaq da yoxdur. Dilimiz başqa olsaydı, mən çoxdan darıxardım".
Cənubi azərbaycanlı futbolçu İranda tanıdığı insanlarda koronavirusun aşkarlandığını deyib: "Uzaq tanışlardan virusa yoluxanların olduğunu eşitmişəm. Onlar paytaxt Tehranda yaşayırdılar, sonradan öyrəndim ki, tam sağalıblar. Ailəmdə isə xəstələnən yoxdur. Özüm danışanda deyirəm ki, çölə çıxmayın. Yaxşıdırlar, heç bir narahatçılıq da yoxdur".
Keşavarz uzun müddətdir futbolsuz qaldıqlarını xatırladıb: "Əvvəlki formaya qayıtmağımız üçün bizə 1-2 həftə vaxt lazımdır. Komanda olaraq məşq etməliyik. Premyer Liqada 8 matçımız qalıb. İstəsək. çempionatı başa çatdıra bilərik. Virus bitəndən sonra 3-4 gündən bir qarşılaşmalar olsa, növbəti mövsümə də təsir etməz".
İranlı legioner növbəti mövsümdə də karyerasına Azərbaycanda davam etmək istədiyini bildirib: "Klubla müqaviləm mayın sonunda bitir. Koronavirus gəldi, indi görək sözləşməm necə olacaq. Müqaviləni uzatmaq barədə hələ ki, danışmamışıq. Azərbaycanda qalmaq istəyirəm, çox sevinirəm ki, buradayam".
O, son olaraq İrandan Azərbaycana gələn digər futbolçularla münasibəti barədə danışıb: "Sumqayıt"dakı Peyman Babayi ilə demək olar ki, hər gün danışırıq. Karantindən əvvəl isə "Neftçi"dən Saman Nərimancahanla bir yerdə idik. Peyman, Saman və mən görüşmüşdük. "Sumqayıt"dakı Mehdi Şərifi ilə də dostam, aram "saz"dır. Maraqlanmışıq, onların da hamısının ailəsi yaxşıdır. Hamısı ilə münasibətlərim yaxşıdır və daim bir-birimizlə əlaqə saxlayırıq".