"Karantin dövründə gündəlik həyatımda elə də çox dəyişiklik baş verməyib. Yeganə fərq ondadır ki, hər gün məşqə yollanmıram. Bir də əvvəllər fürsət düşdükcə həyat yoldaşımla restorana gedirdik”.
Sportarena.az xəbər verir ki, bu fikirləri "Report”a açıqlamasında "Qarabağ”ın futbolçusu Miçel Madeyra koronavirus pandemiyasına görə karantin rejimindəki məşğuliyyəti barədə danışarkən deyib.
İspaniyalı yarımmüdafiəçi bildirib ki, virusa görə daha çox evdə olur: "Tonusda qalmaq üçün fərdi qaydada hazırlaşıram. Həmçinin ev işlərində həyat yoldaşıma kömək edirəm. Yemək bişirmək bacarığım yox idi. Fürsətdir, həm də bunu öyrənirəm”.
35 yaşlı futbolçu koronavirusa yoluxmamaq üçün nadir hallarda evdən bayıra çıxır: "Sadəcə zəruri hallarda market və aptekə getmək lazım olanda bunu edirəm. Onda da nəfəs yollarımı – burnumu və ağzımı, həmçinin gözlərimi qorumağa çalışıram. Rezin əlcəklərdən istifadə edirəm. Çünki istər-istəməz liftdə düyməni basanda, marketdə nəyəsə toxunanda virus mənə keçə bilər. Buna görə həmin yerləri də qorumağa çalışıram”.
Təcrübəli oyunçu evə qayıdanda xüsusi məhlullarla özünü dezinfeksiya etdiyini vurğulayıb: "Hətta həmin məhlulları üstümdə gəzdirib, lazım olanda əllərimə, üzümə vururam. Normal vaxtda da gigeyena qaydalarına riayət edirdim. Virus yayılandan sonra isə qorunma üsullarını daha da gücləndirmişəm”.
İspaniya koronavirusun ən çox yayıldığı və ağır fəsadlara səbəb olduğu ölkələrdən biridir. Miçel bunun səbəbini belə izah edib: "Bu, elə virusdur ki, sərhəd tanımır. İspaniya turistlərin daha çox səyahət etdikləri ölkələrdəndir. Düşünürəm ki, səbəblərdən biri budur. Amma sevindirici haldır ki, ölkəmdə səhiyyənin səviyyəsi dünyada ən yaxşılardan hesab olunur. Çətin də olsa, səhiyyə işçiləri bunun öhdəsindən gəlməyi bacarırlar. Artıq virusun sürətlə yayılmasının qarşısı alınıb. Ümid edirəm ki, qarşıdakı günlərdə azalmanın da şahidi olacağıq. Bizə ancaq mütəxəssislərin dediklərinə əməl etmək qalır. Belə olsa, tezliklə normal həyatımıza qayıdacağıq”.
Ölkəsindəki vəziyyətə görə narahatlığını gizlətməyən futbolçu yoluxmanın azaldığını bildirib: "Doğrudan da, çox təəssüfləndirici və məyusedici haldır ki, İspaniya koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Daim xəbərləri izləyir, ölkəmdəki vəziyyəti nəzarətdə saxlayıram. Son günlərdə çıxan xəbərlər nisbətən müsbətdir. Çünki əvvəllər yoluxanların sayı sürətlə artırdısa, indi eyni hal müşahidə olunmur. Artıq çoxlu sağalan var. Təəssüf ki, ölənlərin sayı çox oldu. Bu, təkcə İspaniyada yox, dünyanın bir çox ölkəsində baş verdi”.
İspaniyalı legioner yaxınlarından cəmi bir nəfərin virusa yoluxduğunu bildirib: "Bizim yaşadığımız Asturiya əyalətində koronavirusa yoluxanların sayı İspaniyanın digər regionları ilə müqayisədə nisbətən azdır. Xəstəxanalar digər əyalətlərdəki kimi dolu deyil. Yəqin, biz tərəfin insanları qaydalara daha ciddi əməl ediblər, çölə az çıxıblar. Cəmi bir tanışım bu xəstəliyə yoluxub. Mənimlə eyni yaşda olan biridir. Amma risklər qrupuna daxil deyil, artıq sağalır. Ümid edirəm ki, qısa zamanda normal həyata qayıdacaq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. Miçel Madeyra 2015-ci ildən "Qarabağ"da çıxış edir.