Azərbaycan millisinin voleybolçusu Marqarita Əzimova karantindən evə buraxılıb.
Sportarena.az Azərbaycan Voleybol Federasiyasının (AVF) "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, 2019/2020 mövsümündə Polşanın "Radomka" klubunda çıxış etmiş və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunmuş voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.
Artıq evinə dönən 27 yaşlı hücumçu federasiyasının mətbuat xidmətinə hər şeyin qaydasında olduğunu və hansısa problemin olmadığını deyib: “Artıq Bakıda evimdəyəm. Paytaxta qayıtdıqda bilirdik ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna çatan kimi bizdən analiz götürəcəklər və hazırki duruma uyğun olaraq karantinə alınacağıq. Buna baxmayaraq, Bakıya gəlməyə qərar verdik və bu gün vətənimizdə olduğum üçün çox sevinirəm".
Əzizova uçuşların dayandırıldığı ərəfədə Azərbaycana dönməsinə kömək edən Polşadakı səfirliyə və AVF-yə təşəkkürünü bildirib: "Karantində olduğum günlərdə də hər an federasiyanın dəstəyini hiss etdim və həmişə mənə kömək oldular. Karantin zamanı bizə qulluq edən həkimlərə və digər işçilərə minnətdarlığımı çatdırıram. Orada bizim üçün lazımı şərait yaratmışdılar. Bir idmançı kimi, otaq şəraitində olsa da, fərdi məşqlə məşğul olmağa çalışırdım”.
Əzizova xalqımızı Azərbaycan Hökumətinin verdiyi qərarlara hörmətlə yanaşmağa səsləyib. O bildirib ki, bu gün evdə qalmaqla belə bəladan daha tez xilas olmaq mümkündür: “Ölkəmizdə karantin davam edir. Mən də bir vətəndaş kimi bütün qaydalara riayət edir və xalqımı evdə qalmağa, lazımi şərtlərə əməl etməyə çağırıram. İnanıram ki, bütün bunlar tezliklə sona çatacaq və biz bu virusa birlikdə qalib gələ biləcəyik”.
Qeyd edək ki, Marqarita Əzizovadan öncə Azərbaycan millisinin digər oyunçusu Yuliya Kərimova da karantindən evə buraxılıb.