Tahir Süleymanov "İdman TV"nin təklifindən imtina edib?

17:07 14 Aprel 2020

Dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycan Premyer liqasını müvəqqəti dayandırsa da, futbolla bağlı televiziya verilişləri öz fəaliyyətlərini davam etdirirlər. Belə proqramlardan biri "İdman TV”də yayımlanan "Oyunun hakimi"di. Bir müddət öncə kanal, verilişin iştirakçıları Anar Salmanov və Ceyhun Haşımovla gözlənilmədən yolları ayırıb.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki,layihəyə daimi ekspert qismində beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov dəvət alıb, lakin təcrübəli mütəxəssis təklifi qəbul etməyib. Məlumatı dəqiqləşdirmək üçün Tahir bəylə əlaqə saxladıq:

 

"İndi deyil, hələ çempionat dayandırılmadan 5-10 gün öncə "İdman TV”nin rəhbərliyi  mənimlə əlaqə saxlayıb "Oyunun hakimi" proqramında müəyyən dəyişikliklər etdiklərini, ölkə çempionatına da yer veriləcəyini bildirdilər. Daimi ekspertlik missiyasını öz üzərimə götürməyimi təklif etdilər. Səmimi, geniş fikir mübadiləmiz oldu. Bilirsiniz ki, daha öncə bu proqramda əsasən xarici çempionatların oyunları müzakirə edilir, idarəçiliklə bağlı rəylər bildirilirdi. Veriliş bu yöndə özünə aid auditoriya toplamışdı. İmtina deməzdim, dəvətə görə  təşəkkürümü bildirdim…  Həm də görüşmək, yeniliklərlə bağl müəyyən fikir mübadilələri aparıb qarşılıqlı razılığa gəlmək vacib idi. Daimi ekspertlik missiyası məsuliyyət tələb edən, eyni zamanda, vaxt aparan işdi. Tamaşaçının tam təmin olunması üçün bütün oyunlara baxılmalı, epizodlar seçilməli, incələnməli, diqqətdən heç nə yayınmamalıdı. Bəlli, karantinlə bağlı yarışlar dayandırılıb və hazırda məsələ aktual deyil. Bildiyim qədərilə "Oyunun hakimi" proqramı fəaliyyətini davam etdirir, digər təcrübəli mütəxəssislər verilişə dəvət alırlar. Hər birinə uğurlar arzu edirəm".


Xəbər xətti