Argentinanın "Boka Xuniors” klubunun qapıçısı Markos Dias Azərbaycandan təklif aldığını təsdiqləyib.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə Argentina mətbuatına açıqlamasında bildirib.
Dias qeyd edib ki, təklif cəlbedici imiş. Amma yekunda danışıqlar alınmayıb: "Mən həqiqətən mövsümün əvvəli Azərbaycan klubundan təklif almışdım. Hətta bir müddət danışıqlar da apardıq. Təklif çox cəlbedici və konkret idi. Mən özüm buna razılaşdım. Amma istədim ki, transferdən doğma klubum da qazansın. Orada çox oynamaq istəyirdim. Yaxşı variant idi. Amma yekunda danışıqlar pozuldu”.
Qeyd edək ki, ötən yay "Qarabağ”ın Diasla danışıqlar apardığına dair Azərbaycan və Argentina mediasında məlumatlar yayılıb.
Dias kareyrası ərzində vətənindən kənarda oynamayıb. O, indiyədək "Kolon" (2009-2014), "Gimnaziya y Esqrima" (2012-2013) və "Hurakan" (2013-2018) klublarında çıxış edib. Qolkiper 2019-cu ildən Argentinanın ən köklü klubu hesab olunan "Boka Xuniors"un uğurları üçün çalışır.
Dias 2013/14 mövsümündə "Hurakan"la Argentina Kubokunun və Super Kubokunun qalibi olub. 2018-ci ildə "Boka Xuniors"la yenidən Super Kuboka sahib çıxan qolkiper 2019/20 mövsümündə ölkə çempionluğunu bayram edib.