Koronavirus üzündən dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda “Qəbələ” 25 qola imza atıb.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 9 fərqli futbolçu fərqlənib. Ən yaxşı bombardir mövsümün ilk yarısında 5 dəfə rəqib qapısına yol tapan Davit Volkovdur. Rövlan Muradovla qış transferi Nikolas Rayselin hərəyə 4 qolu var.
Çempionatın bərpasından sonrakı 8 turda hər iki futbolçu bu göstəricini artırmaq imkanına malikdir. Keçirdiyi 4 qarşılaşmada yüksək orta məhsuldarlıq göstərən Rayselin cari mövsüm üçün komandanın bombardiri olmaq şansları daha yüksəkdir.
Mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabodur. O, 2017/18 mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.
Ümumiyyətlə, indiyədək “Qəbələ”nin futbolçuları Premyer Liqada 6 dəfə mövsümdə 10 və daha çox qol vurub. Son 6 çempionatın hərəsində bir oyunçumuz buna nail olub. Bu futbolçulardan beşi legioner, biri yerlidir.
1. Baqali Dabo – 13 (2017/18)
2. Daniel Subotiç – 12 (2013/14)
3-4. Cavid Hüseynov – 11 (2014/15)
Filip Ozobiç – 11 (2016/17)
5-6. Aleksey Qay – 10 (2015/16)
Ceyms Adeniyi – 10 (2018/19).