İngiltərə Premyer Liqasında çıxış edən klublar koronavirus pandemiyası səbəbindən təxirə salınmış mövsümü bitirmək üçün müxtəlif variantlar üzərində işləyirlər.
Sportarena.az xəbər verir ki, ötən gün keçirilən videokonfransda mövsümün qalan hissəsi ilə bağlı fərqli təqvim modelləri təklif olunub. Ən çox üstünlük verilən varianta görə, mövsüm iyunun 8-dən tez bərpa edilməyəcək. Ümumilikdə, dəqiq başlama tarixindən asılı olaraq, matçların iyun, iyul və avqust aylarında oynanılması gözlənilir. Eyni zamanda, hökumət rəsmiləri təhlükəsizliyin tam təmin olunduğunu bəyan etmədikcə mövsümün ləğvi də ehtimal daxilindədi.
Dörd klub 10, digərləri isə 9 görüş keçirməlidilər. Matçların 5 həftə ərzində oynanılacağı bildirilir.Son qərara əsasən, Böyük Britaniyada karantin müddəti 7 maya kimi uzadılıb.
Qeyd edək ki, Böyük Britaniyada 110 minə yaxın yoluxma faktı qeydə alınıb. 14 mindən çox insan koronavirusdan dünyasını dəyişib.