Koronavirus pandemiyasına görə ölkəmizdə dayandırılan futbol yarışlarının bərpa olunacağı tarix məlum deyil.
Sportarena.az xəbər verir ki, əvəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilk dəfə Premyer Liqada, birinci divizionda, Region Liqasında, Qadınlar Yüksək Liqasında, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında e-futbol (elektron futbol) liqasına start verir.
Komandaların qeydiyyatı aprelin 25-dən mayın 15-dək davam edəcək. E-Milli Liqada Azərbaycan Premyer Liqasında iştirak edəcək komandaların təmsil olunacağı gözlənilir. Qaydalara görə hər komanda qalibi müəyyənləşdirəcək 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir turnir 3 ay davam edəcək.
Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalar ilə yoldaşlıq görüşləri keçiriləcək.