24 aprel tarixində EPFL (Avropa Peşəkar Futbol Liqaları) üzv liqaların nümayəndələrinin növbəti videokonfransı baş tutdu.
Sportarena.az xəbər verir ki, görüşdə Azərbaycan Peşəkar Futbol Liqasının da nümayəndəsi iştirak etdi. Görüşdə əsas müzakirə mövzusu UEFA-nın 1 gün öncə İcraiyyə Komitəsinin iclasından sonra açıqladığı bəyanat və yerli çempionatların gələcək taleyi oldu. Videokonfransda UEFA-nın təşkil etdiyi işçi qruplarda EPFL-i təmsil edən səlahiyyətli nümayəndələr də iştirak edərək orada gedən müzakirələr barədə təşkilatın üzvlərinə məlumat verdilər.
Konfransa sədrlik edən qurumun prezidenti cənab Lars Kristen Olsen üzv liqalara bir daha çağırış edərək bildirdi ki, şərtlər uyğun olduğu halda çempionatları tam şəkildə başa çatdırsınlar. Ölkədəki vəziyyət əlverişli olmadığı halda isə ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat versinlər. Bu, UEFA İK-nin verdiyi qərara əsasən tələb olunan tarixdir. Belə ki, sözügedən qərara əsasən yüksək liqa yarışları 2 şərtlə erkən tamamlana bilər:
1) Ölkə səviyyəsində idman yarışlarının təşkilini qadağan edən rəsmi qərarlar səbəbi ilə növbəti mövsümün başlamasından öncə normal vaxtda çempionatı başa vurmaq mümkün deyil;
2) Başa çatma tarixini uzadaraq çempionatı tamamlamaq ümumilikdə liqanı, yaxud klubları uzunmüddətli təsirindən çıxa bilməyəcəkləri iqtisadi problemlərlə üz-üzə qoyacaqsa.
Yarımçıq başa çatdırılacaq çempionatlardan UEFA yarışlarında iştirak hüququ qazanacaq komandalar idman dəyərlərinə xas və ayrı-seçkilik, ədalətsizlik olmadan, şəffaf prinsiplər əsasında seçilməlidir, əks təqdirdə qurum həmin klubların qeydiyyatını təsdiqləməmək hüququnu əlində saxlayır.
UEFA nəzdində fəaliyyət göstərən 1-ci işçi qrupda yer alan EPFL nümayəndəsinin konfrans iştirakçıları önündə çıxışında hazırda işçi qrupun 2 mümkün ssenari üzərində çalışdığı və çempionatları tamamlamaq üçün tarixin ən geci iyul ayının sonu, yaxud avqust ayının əvvəli nəzərdə tutulduğu bildirilmişdir. Bu ssenarilərdən ən real qəbul olunan ikincisinə əsasən UEFA özünün təşkil etdiyi 2019/20 klub yarışlarını avqust ayı boyunca həm tamamlamaq, həm də növbəti mövsüm üçün təsnifat mərhələsi oyunlarını paralel şəkildə keçirmək niyətindədir. Ancaq bu, hər bir halda son variant deyil və işçi qrup may ayının ortasına kimi 55 ölkə ilə məlumat mübadiləsi nəticəsində son təkliflə çıxış edəcək.