“Kəpəz” Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşularaq “Biz Birlikdə Güclüyük” aksiyası çərçivəsində Gəncədə yardım sovqatları paylayıb.
Sportarena.az xəbər verir ki, klub tərəfindən şəhərin müxtəlif ərazilərində yaşayan veteran futbolçular, həmçinin şəhid və aztəminatlı azarkeş ailələri gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı ilə təmin ediliblər.
Bağlamaların aparıldığı ünvanlarda koronavirus pandemiyasının yaratdığı çətin günlərdə və Ramazan ayında insanların xeyirxah işlərə can atmasının, bir-biri ilə yardımlaşmasının vacibliyi vurğulanıb. Belə həssas dönəmdə yaxınların, ehtiyacı olanların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib.
Ərzaq bağlamalarının müvafiq ünvanlara çatdırılmasında klubun əməkdaşları və əsas komandanın kapitanı Əli Səmədov xüsusi fəallıq nümayiş etdiriblər. Yardım alan ailələr bu çətin vəziyyətdə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.