"Meydanda bu problem daha aşkar vəziyyətdə görünəcək" - Qurban Qurbanov

13:16 28 Aprel 2020

"Evdə keçilən məşq ciddi hazırlıq proqramı deyil. Amma futbolçuların az da olsa tonusda qalması üçün verilən məşq proqramıdır".

 

Sportarena.az xəbər verir ki, bunu apasport.az saytına "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Onlayn rejimdə məşqin xeyrindən bəhs edən təcrübəli çalışdırıcı Peşəkar Futbol Liqasının dünənki qərarına da münasibət bildirib. Qurbanovun fikrincə, mayın 4-də karantin rejimi bitsə, ayın 23-nə qədər komandanı fasilədən sonrakı ilk oyuna hazırlamaq mümkün olacaq: "Əgər mayın 4-də karantin rejimi bitərsə, normal məşqlərə başladıqda ev rejimindəki məşqin az da olsa xeyrini görəcəyik. Düşünürəm ki, bu amil hazırlığımızı 15-20 faiz tezləşdirəcək. Mayın 4-dən 23-nə qədər olan müddət nə çox uzun, nə də qısadır. Hesab edirəm ki, bu müddət ərzində futbolçuları normal vəziyyətə çatdırmaq olar. İstənilən halda, məşq prosesi başqadır. Bütün futbolçular oyun praktikasından əziyyət çəkəcəklər. Meydanda bu problem daha aşkar vəziyyətdə görünəcək. Hətta fiziki hazırlıq, güc yerində olsa belə, oyun baxımından problem yaşanacaq. Təbii ki, rejim bütün komandalar üçün eyni olacaq. Bunları düşünmədən 20 günə yaxın olan vaxtdan səmərəli istifadə etməliyik. Mayın 23-nə qədər komandanı normal vəziyyətə gətirməyə çalışacağıq. Yəqin ki, futbolçuları meydana çıxarmaq üçün bu müddət kifayət edər".

 

48 yaşlı mütəxəssis FİFA-nın həm cari, həm də gələn mövsüm matçlar zamanı komandalara 3 deyil, 5 əvəzləmə icazəsi verilməsi təklifini də dəyərləndirib. Ağdam klubunun çalışdırıcısı Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklifi  təsdiq etsə, bu, klubların xeyrinə olacaq: "Bu addımı normal qarşılayıram. Bu onu göstərir ki, FİFA, UEFA hazırkı durumu dərindən düşünür, təhlil edirlər. Həm komandaları, həm futbolçuları düşünürlər. Əlbəttə, 5 dəyişiklik heç də az deyil. Bu məqam komandaya bir tərəfdən kömək edə bilər. Amma digər tərəfdən oyun nizam-intizamı pozula bilər. Mən də həmin xəbəri oxumuşam. Səhv etmirəmsə, 5 dəyişikliyin 3 dəfəyə edilməsinə imkan yaradacaqlar. Hər komandanın əvəzləməsi üçün 5 dəfə oyun dayandırılsa, bu, çox vaxt aparacaq. Verilən qərarları normal qarşılayıram. Onsuz da, hər 2-3 ildən bir hansısa dəyişikliyin şahidi oluruq. Futbol qurumları əsasən komandaları və futbolçuları düşünürlər, oyunların daha maraqlı keçməsinə çalışırlar. İndiki durumda ehtiyatımızı qoruyub saxlamalıyıq. 5 dəyişikliklə bağlı düşüncə pis deyil. Gələcəkdə necə olacaq, yəqin ki, bunu hamımız biləcəyik".

 

Qeyd edək ki, PFL-in qərarına əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini uzatmasa, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan birinci divizion mayın 21-də, Premyer Liqa isə 23-də bərpa ediləcək.


Digər xəbərlər

Xəbər xətti