Azərbaycan Premyer Liqasının bərpası dəqiqləşdikdən sonra klublara koronavirusa yoluxma təhlükəsi ilə əlaqədar müəyyən tövsiyələr veriləcək.
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
O, Avropa Peşəkar Futbol Liqalarına (EPFL) PFL-in də üzv olduğunu xatırladaraq müəyyən qaydaların tətbiq olunması üçün müxtəlif versiyaların nəzərdə tutulduğunu bildirib: "Biz də EPFL-in müzakirələrində iştirak edirik. PFL-in də bəzi fikirləri var. Hazırda sənəd şəklində hazırlanan və klublara tələb, tövsiyə xarakterli göndərilən bir məktub yoxdur. Sadəcə, üzərində işləyirik".
PFL rəsmisi ölkədə koronavirusla bağlı bəzi sahələrin fəaliyyətini bərpa etdiyini xatırladıb: "Ümid edirik ki, karantin müddəti tez bitəcək və istəyimizi gerçəkləşdirə, planlaşdırılmış vaxtda mövsümü bərpa edə biləcəyik. Təbii ki, klublara müəyyən tövsiyələrimiz olacaq. Amma tam formalaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Hazırkı vəziyyətdə nə isə demək düzgün olmaz, çünki təsdiqlənmiş heç nə yoxdur".
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.