Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri də Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! layihəsinə qoşulub.
Sportarena.az xəbər verir ki, komandamız Bakı şəhərində sosial aksiya həyata keçirib.Şəhərin müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 100 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib. Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları olan cüdoçularımız onlara verilən prezident mükafatından 100 ailəyə yardım göstəriblər və bütün idmançı dostlarını da imkansız ailələrə yardım etməyə səsləyiblər.
Cüdo üzrə həm kişilər, həm də qadınlardan ibarət milli komandalarımızın təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına əsasən çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də maddi yardıma ehtiyacı olanlara və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.
Milli komandamızın kapitanı, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlixadə və Rio Olimpiya Oyunlarının gümüş medalçısı, Avropa və dünya çempionatının mükafatçısı Elmar Qasımov ailələrə baş çəkərək cüdoçularımız adından onlara ərzaq paylayıblar.
Yardım təqdim edilən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğu diqqətə çatdırılıb.