Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar futbol sahəsində yaranmış mövcud vəziyyəti dəyərləndirərək və FIFA-nın müvafiq tövsiyələrini nəzərə alaraq, AFFA hüquqi tənzimləmələr üzrə təlimat hazırlayıb.
Sportarena.az xəbər verir ki, təlimatda əsasən 3 əsas istiqamət öz əksini tapıb:
a) Müddəti bitən müqavilələr və yeni müqavilələr
b) Müqavilənin icrasının mümkün olmadığı hallar
c) Qeydiyyat dövrləri
1-ci istiqamətlə bağlı Təlimatda qeyd olunan əsas tövsiyələr aşağıdakılardır:
- Müqavilənin bitmə tarixi cari futbol mövsümünün əvvəlcədən müəyyən olunmuş başa çatma tarixi ilə eynidirsə, müqavilənin müddəti mövsümün yeni başa çatma tarixinə qədər uzadılsın.
- Müqavilə növbəti mövsümün əvvəlcədən müəyyənləşdirilmiş başlanğıc tarixində qüvvəyə minirsə, bu müqavilənin qüvvəyə minməsi növbəti futbol mövsümünün yeni başlanğıc tarixinə qədər təxirə salınsın.
Təlimatdakı 2-ci istiqamət özündə əsasən bunları ehtiva edir:
- COVID-19 pandemiyası ilə əlaqədar yarışların təxirə salındığı müddətdə və daha sonra iş şəraitinin şərtləri barədə klublar və əməkdaşları (oyunçular və məşqçilər) birlikdə müzakirələr apararaq klub və ya liqa səviyyəsində razılaşmalar əldə etməyə çalışmalıdırlar.
- Futbol klubları və əməkdaşlar (futbolçular) razılığa gələ bilmirsə və ya müqavilələrin şərtlərini dəyişməklə bağlı birtərəfli qərar verilirsə, əməkdaş ilə klub arasında bağlanmış müqaviləyə uyğun olaraq, aidiyyəti məsələyə AFFA və ya FIFA-nın hüquq tətbiqedici orqanları, o cümlədən Azərbaycan Respublikasının məhkəmə orqanları tərəfindən qiymət veriləcək.
3-cü istiqamət üzrə isə əsasən aşağıdakılar qeyd olunub:
- FIFA-nın qaydalarına uyğun olaraq, üzv assosiasiyalar qeydiyyat dövrü başlayana qədər xüsusi hallarda qeydiyyat dövrlərini dəyişdirə bilər. COVID-19 pandemiyası xüsusi hal hesab olunduğu üçün zəruri olacağı halda cari mövsümün uzadılması, cari qeydiyyat dövrlərinin və növbəti qeydiyyat dövrlərinin tarixlərinin dəyişdirilməsi barədə AFFA tərəfindən qərar qəbul oluna bilər.
- COVID-19 pandemiyasının yayılması ilə bağlı şəraiti nəzərə alaraq, istisna hal kimi COVID-19 səbəbilə müqaviləsi başa çatmış və ya müqaviləsinə xitam verilmiş peşəkar oyunçu başa çatma və ya xitamvermə tarixindən asılı olmayaraq, qeydiyyat dövrünün xaricində assosiasiya tərəfindən qeydiyyata alınmaq hüququna malikdir.
Təlimat münasibət bildirilməsi üçün Peşəkar Futbol Liqasına, Premyer Liqada çıxış edən klublara göndərilib və AFFA-ya bununla bağlı hər hansı yeni təklif, qeyd və irad daxil olmayıb. COVİD-19 pandemiyası ilə əlaqədar AFFA-nın İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün müvafiq Təlimat İcraiyyə Komitəsinin bütün üzvlərinə göndərilib və hər bir üzvün münasibəti öyrənilib. İcraiyyə Komitəsi üzvlərinin bütün qeydləri Təlimatın son verisiyasında müvafiq qaydada öz əksini tapıb.
AFFA klublara mövcud vəziyyətdə qarşıya çıxan məsələlərin Təlimatda göstərilən tövsiyələrə uyğun olaraq, qarşılıqlı razılıq əsasında tənzimlənməsini tövsiyə edir.
Qeyd: Təlimatın müddəaları mövcud vəziyyətə uyğun olaraq yenilənə bilər.