"Qəbələ"nin baş məşqçisi: "Təslim olmayacağıq"

17:22 1 May 2020

"Bütün komandalara çempionata hazırlaşmaq üçün eyni vaxt verilib. Əlbəttə, belə qısa müddətdə hazırlıq ağır olacaq. Oyunçular tam hazır olmasalar da, futbola qayıtmağı hamı istəyir. Ən yaxşısını etməyə və komandanı yaxşı formaya çatdırmağa çalışacağıq". 

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ" komandasının baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının mayın 23-də bərpasının mümkünlüyü barədə danışarkən deyib. 

 

40 yaşlı mütəxəssis əyalət təmsilçisinin mövsümdəki hədəflərindən də danışıb. O bildirib ki, "Qəbələ" çempionat dayandırılmamışdan öncə yaxşı çıxış edib: "Komandanın yaxşı potensialı var. Son oyunlar göstərirdi ki, yavaş-yavaş özümüzə gəlirik. Belə təslim olmayacağıq, əlimizdən gələni edəcəyik ki, üst pillələrə qalxaq".

 

Baxşıyev Azərbaycan Kuboku matçlarının çempionat oyunlarından sonra keçirilməsinə də münasibət bildirib: "Peşəkar Futbol Liqası belə qərar verib, biz də buna uyğun öz planımızı həyata keçirəcəyik və plan üzrə işləyəcəyik. Bu qərar bizim Premyer Liqadakı çıxışımıza təsir etməyəcək. Biz hazırda kubok barədə düşünmürük. Sadəcə, məşqlərin başlamasını, çempionatda isə hər matçda maksimum nəticəni hədəfləyirik. Karantin başa çatan kimi komanda şəklində məşqə başlayacağıq".

 

Baş məşqçi hazırda ölkəsi İspaniyada olan futbolçu Fernan Lopeslə əlaqədə olduqlarını da vurğulayıb: "Lopes əsas futbolçularımızdan biridir. İstəyirik ki. bizə qoşulsun. Klub və mən bütün oyunçularla, o cümlədən, Fernanla əlaqə saxlayırıq. Ümid edirəm ki, bir yolunu tapıb onu öz sıralarımıza qata biləcəyik". 

 

Mütəxəssis son olaraq müqavilələri başa çatan futbolçular haqqında rəhbərliklə danışmadıqlarını bildirib: "Komanda bir araya gələndən sonra bu barədə danışıqlar olacaq". 

 

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.    


Digər xəbərlər

Xəbər xətti