Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “Qarabağ” klubu barədə danışıb.
Sportarena.az xəbər verir ki, o, klubun məşqçi və futbolçu heyətinin Ağdama səfər etməsindən məmnun olduğunu bildirib və komandanın böyük azarkeşi olduğunu söyləyib:
"Sevinirəm ki, "Qarabağ" Ağdamın komandasıdır. Mənfur düşmənlərimizin ölkəmiz üzərinə hücuma keçdiyi bir vaxtda Qarabağ adını Ağdam rayonunun daşıması bizim üçün çox önəmli məsələdir. "Qarabağ"a ciddi azarkeşlik edirəm. "Qarabağ" ermənilərə qarşı döyüşən ordudur. “Qarabağ”ın dünya miqyasında Azərbaycanın tanınmasında, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətləri var.
Bu işlərə görə klub rəhbərliyinə, klubun xərclərinin qarşılanması üçün əlindən gələni edən Tahir Gözələ, Abdulbari Gözələ xüsusi minnətdarlığımı bildirirəm. Onlar kluba ciddi dəstək göstərib, dövlətin tapşırını icra edir və prezidentin “Hər bir insan “Qarabağ” klubuna kömək etməlidir” devizinə layiqli dəstəklərini verirlər. "Qarabağ" Azərbaycan və Qarabağımızı gözəl təmsil edir.
Hesab edirəm ki, ölkə başçısının rəhbərliyi altında tezliklə Azərbaycanın bayrağı Ağdamımızda, Şuşamızda dalğalanacaq. O zamanda "Qarabağ" klubu öz sözünü deyəcək və dünya səviyyəli yarışlarda layiqli yerlər tutacaq. Həmin günlər uzaqda deyil".