Riçard Almeyda: "Qarabağ"a qayıdıb, karyeramı orada bitirəcəyəm" - MÜSAHİBƏ

12:02 13 May 2020

Azərbaycan millisinin və Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun futbolçusu Riçard Almeydanın "Report"a müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Abu-Dabidə həyat necədir: Hazırkı vəziyyətinizdən razısınız?

- Burada hər şey yaxşıdır, məni qane edir. Əsas odur ki, mən və ailəm xoşbəxtik.

 

- Hazırda demək olar ki, bütün dünyada karantin rejimi tətbiq olunur. Vaxtınızı necə keçirirsiniz?

- Əsasən, hamı kimi evdə oluruq. Adətən, alış-veriş zamanı evdən çölə çıxırıq. Bütün günüm evdə keçir. Səhərlər fərdi məşq edirəm. Hərdən bu proses gündə iki dəfə olur.

 

- Ölkədə koronavirusla bağlı vəziyyət necədir?

- Burada virusa yoluxanların sayı 18 minə çatıb, bəlkə də keçib. Bununla belə, insanlara küçəyə çıxmaq üçün müəyyən qədər vaxt verilir. Ticarət mərkəzləri açılıb, amma uşaqlar gedə bilməzlər. Bunun üçün hamı maska taxmaq məcburiyyətindədir. Koronavirusa görə bəzi qaydalar sərtləşdirilib.

 

- Fiziki durumunuz nə yerdədir?

- Öz formamı qorumağa çalışıram. Çünki gələcəkdə nə olacağını heç kim bilmir.

 

- Çempionat nə vaxt bərpa olunacaq: Dəqiq tarix açıqlanıb?

- Çempionat yalnız avqustda bərpa oluna bilər. Açığı, həmin vaxt çox isti olacaq. Bu isə futbolçulara əlavə çətinlik yaradacaq.

 

- Dünyada bir çox futbolçu koronavirusla mübarizəyə öz dəstəyini göstərib. Siz bu məsələdə hansı formada köməklik etmisiniz?

- Mən də Braziliya vətəndaşlarına kömək etdim. Ümumiyyətlə, tək indi yox, hər zaman yeməyə heç nə ala bilməyən insanlara yardım edirəm.


- Klub rəhbərliyi məlum vəziyyətə görə maaşlarınızı azaltmayıb?

- Hələlik məvacibimizdə azalma olmayıb.

 

- Bu ilin yanvarından Abu-Dabidəsiniz. Pandemiya dövründə milli komandadan sizinlə əlaqə saxlayan, maraqlanan olubmu?

- Bəli, arada zəng vurub həm buradakı vəziyyətlə, həm də mənim özümlə maraqlanırlar.

 

- Birləşmiş Ərəb Əmirliklərində çempionatın səviyyəsi necədir? Futbolçular ərəb ölkələrinə yalnız pula görə gedirlər, yoxsa futbol amili də rol oynayır?

- Çempionatın səviyyəsi yaxşıdır. Futbolçular bura gözəl ölkədə yaşamaq istəyilə gəlirlər. Əlbəttə, pul məsələsi də diqqət çəkir. Amma növbəti mövsümdən maliyyə barədə ciddi dəyişiklik ola bilər. Pandemiya səbəbindən klublar futbolçulara indiki kimi çox maaş verməyə bilərlər.

 

- "Qarabağ"dan ayrıldıqdan sonra klubdan kimlərləsə əlaqə saxlamısınız?

- Əlbəttə, oradakı insanlarla tez-tez danışıram. "Qarabağ" indiyə qədər oynadığım ən yaxşı komandadır. Ən yaxşı baş məşqçi, direktor, prezident, futbolçularla birlikdə işləmişəm. Onların hamısını, hətta süpürgəçi xalaları da çox sevirəm. Bu günə qədər əldə etdiklərim Tanrının və ikinci dəfə mənə öz qapısını açan "Qarabağ"ın sayəsində olub. Bir gün mütləq bu komandaya qayıdacağam və karyeramı orada bitirəcəyəm.


Digər xəbərlər

Xəbər xətti