“Sabah”ın baş məşqçisi Jelko Sopiçin köməkçisi Marko Lozo "Slobodna Dalmacija” nəşrinə müsahibə verib.
Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Azərbaycandakı karantin rejimindan danışıb:
“Azərbaycanda koronavirusa yoluxma halının çox olduğunu düşünmürəm. Bəlkə də, gündə 130 nəfər yoluxur, amma futbola nə vaxt başlayacağımızı bilmirik. Azərbaycan güclü futbol ölkəsidir, klublar Çempionlar Liqası və Avropa Liqasında iştirak edir. Koronavirusla bağlı qaydaları bir az yumşaldıblar, amma iyunun 1-dən kollektiv məşqlərə başlaya bilməyəcəyik və məktəblər də açılmayacaq. Hava limanı da bağlıdır".
Lozo "Sabah"la bağlı bunları deyib: “Sabah” ölkədə “Qarabağ” və “Neftçi” qədər tanınmır. Sopiçin bura gəlmə fürsəti oldu və məni də özü ilə apardı. Noyabr ayında 6 oyunda yaxşı çıxış etdik, amma 2 ay sonra hər şey dayandı. Böyük hədəflər var. Mario Marinanı "Qoritsa"dan gətirdik. "Sabah" liqanın üst sıralarında özünə yer etmək istəyir. Məşqçi kimi irəli getmək istəyirəm. Sopiçə məni özü ilə apardığı üçün minnətdaram”.