Rəsul Çunayev: "Həbib Nurməhəmmədovla güləşmişəm"

15:37 26 May 2020

"Federasiya təlim-məşq toplanışları zamanı mənim qidalanmağım üçün lazımi şəraiti yaradır. Həm mən lazımi məhsulları özümlə götürürəm, həm də federasiya mənim üçün o qidaları tapıb gətirir. Federasiyanın aşpazı da həmin məhsulları mənim yeməyimə əlavə edir”.

 

Sportarena.az xəbər verir ki, bunu oxu.az-ın əməkdaşıyla "Instagram”da canlı bağlantıda olan yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı və dünya çempionu Rəsul Çunayev deyib.

 

O, pəhrizi necə saxlamasından danışıb:

 

"Demək olar ki, çörək yemirəm. Səhər yeməyi zamanı lavaşdan istifadə edirəm. Bildirçin yumurtası ilə kinoa, qarabaşaq, makaron yeyirəm. Qaynadılmış yeməklərə üstünlük verirəm, qızardılmış yeməklərdən qaçıram. Ancaq kənddə yetişmiş toyuq və hindquşu ətini yeyirəm. Süd məhsullarından ancaq keçi südündən yararlanıram. Hətta qatığı belə anam keçi südündən hazırlayır. Pomidorun qabığını soyub tomat formasında hazırlayıram və onu makaronun üzərinə ketçup əvəzi vurub yeyirəm. Bir sözlə, mən pəhrizə ciddi yanaşıram.

 

Ümumiyyətlə, 12 yaşımdan Bakıda, valideynlərimdən aralıda olduğumdan, özüm yemək bişirməyi bacarıram. Nə bişirmişəmsə, indiyədək hamının xoşuna gəlib. Kababa kimi bişirməyi bacarıram. Kökəlməyə meyilliyəm. Ona görə də kababı da ürəyim çox istəyəndə ayda 1-2 dəfə yeməyə çalışıram. Bunu da gözümün qurdunu öldürmək üçün edirəm.

 

Çəkinin düşməsində məşq o qədər də çox rol oynamır. Əsas məsələ düzgün qidalanmalı və mümkün qədər çox piyada gəzməlisən. Bununla da piylər əriyir və qan dövranı qaydasına düşür. Çox meyvə yemək belə düzgün deyil, çünki şəkərdir. Bir qram şəkər üç qram piy verir”.

 

Olimpiadadan sonra karyaresını bitirmək barədə konkret plan tutmadığını, 2012-ci ildən bəri avar rəqsini oynaya bildiyini, avarlar arasında hazırda yunan-Roma güləşində ən titullu idmançı olduğunu söyləyən Rəsul Çunayev güləşlə vidalaşdıqdan sonra dünya şəhərlərini gəzmək istədiyini qeyd edib.

 

Həmçinin o, MMA-dan təklif aldığını və Həbib Nurməhəmmədovla sparrinq rəqib kimi güləşdiyini də bildirib:

 

"Mənə daxildən və xaricdən MMA təklifləri çox gəlir, hətta müqavilə də təklif edirlər. Mən avar olan Həbib Nurməhəmmədovla, daha çox da onun qardaşı Şamillə yaxınam. Atası Abdulmanap Nurməhəmmədov hazırda xəstədi. Ona Allah cansağlığı versin. O, Bakıda olanda mənə demişdi ki, səni altı aya MMA-ya hazırlamaq olar. Üstəlik, dünya çempionu olduğumdan, mənimlə müqavilə də bağlamaq asan olacaq.

 

İslam Maxaçevin Sankt-Peterburqdakı döyüşü üçün mən də dəvət edilmişdim. Həmin döyüşdən əvvəl məşqlərdə gördüm ki, MMA ilə məşğul ola bilərəm. Çünki məşqlərdə etmədiyim qeyri-adi fəndlər var ki, rəqiblər bunu məndən gözləmir. Mənim qeyri-adi şəkildə rəqibləri boğmağıma MMA döyüşçüləri gülsə də, faktiki rəqibimi boğurdum (gülür). Həbibin əmisioğlu Əbubəkrlə güləşəndə mənim onu "bedro” atmağımdan qorxurdu. Bir sözlə, orda onlarla məşq keçəndə həvəslənirəm, amma evə gələndən sonra deyirəm ki, dörd dəfə əməliyyat keçirmiş adamam, MMA mənə lazımdı? O idman növündə zədələr çox olur. Dağıstanda olanda Həbib Nurməhəmmədovla da güləşmişəm”.

 

"2016-cı il Rio Olimpiadasına vəsiqə üçün xorvatiyalı idmançını (Dominik Etlinqeri nəzərdə tutur – S.M.) 17 saniyəyə təmiz qələbə ilə udmuşam. Bu, karyeramın ən erkən qələbəsidir. Ümumiyyətlə, bu idmançı güclü olsa da, ona beş dəfə qalib gəlmişəm. I Avropa Oyunlarının 1/4 finalında da onu udmuşam”, – deyə Rəsul Çunayev qeyd edib.


Digər xəbərlər

Xəbər xətti