“Binəqədi rayonundakı 3 nömrəli məktəbi bitirmişəm. Məktəb evə yaxın olduğu üçün arada ora gedirəm. Sinif yoldaşlarımla da əlaqə saxlayıram. Bizim vaxtımızda 25 may – “Son Zəng” yaxşı keçirilirdi. Hər şeyin yaxşısı keçmişdə qalıb”.
Sportarena.az xəbər verir ki, bunu oxu.az-ın əməkdaşı Səbuhi Musayevlə “Instagram”da canlı bağlantı zamanı “Keşlə” klubunun futbolçusu Əfran İsmayılov deyib.
Futbolçu Ağstafanın Sadıqlı kəndində at sürməsi, it əzizləməsi ilə bağlı yayılmış videosundan danışıb:
“At sürmək mənim hobbim olub. Şəraitim olsa, bütün günü at saxlayıb, sürərəm. Maşını necə gəldi sürürəm, hara gəldi vururam, cızıram. Amma ata heç vaxt belə baxmaram. Atı gözümün bəbəyi kimi bəsləyərəm. Rayona getməyimin bir səbəbi də at sürmək idi. Əzizlədiyim it isə çoban iti idi, bir aylıq idi. Sığallayırdım, əl çəkmirdi məndən. Elə hey deyirdi ki, ovxala məni”.
Onunla şəkil çəkdirənlərin çoxunun hələ də “Qarabağ”da oynadığını zənn etdiyini deyən Əfran İsmayılov “Turan”da icarə əsasında oynadığı altı ay ərzində klubda maddi vəziyyətin yaxşı olmadığı üçün kartof qızartması yediklərini bildirib.
O, Kamran Ağayevin “Bakı”da oynadığı vaxt serbiyalı baş məşqçi Milinko Pantiçlə arasının dəyməsinə də toxunub:
“Kamran Ağayev həmişə əsnəyəndə qəribə şəkildə “əstəğfürullah” deyirdi. Pantiç “Bakı”dakı ilk iclasını keçirəndə Kamran komandanın kapitanı kimi öndə oturmuşdu. Həmin vaxt kənardan kimsə əsnəyəndə Kamran “əstəğfürullah” sözünü təkrarlamağa başladı. Pantiç dərhal tərcüməçi Vüqardan soruşdu ki, bu nə edir, dəlidir, mən qorxuram bundan. Ona deyildi ki, qorxma, bu, Kamranın xasiyyətidir. Ondan sonra Pantiç Kamrana öyrəşmək istədi, amma alınmadı. Qırğın-dava ilə Kamran “Bakı”dan getdi.
Kamran çox təmiz uşaqdır, sadəcə, deyingənliyi, hər şeydən narazı olmağı var. Həmişə də çox danışmağı başına oyun açıb. Onun bu dəqiqə heç bir klubda olmaması Azərbaycan futbolu üçün çox böyük itkidir. Mənim üçün o yenə də bir nömrədir. Kamranın təcrübəsi çoxdur”.
İsmayılov digər qapıçımız Emil Balayevin Qazaxıstanın “Tobol” klubundan ayrılmasına da münasibət bildirib: “O, mənə bildirdi ki, atam Qarabağ müharibəsində döyüşüb, mənim erməni məşqçinin rəhbərliyi altında oynamağım düz olmaz. Mən də onun bu qərarını tam dəstəkləyirəm. Erməni məşqçi olan yerdə, klubdan qovmasalar belə, mənə milyon versələr də, orada qalmaram. Mən Qarabağ zonasından olmasam da, bu dəqiqə Ali Baş Komandan qərar versə, müharibəyə ön sırada getməyə hazıram. Emil bəlkə də “Tobol”da qalsaydı, onunla aram soyuyardı. O, Azərbaycandan xaricə daha yaxşı kluba gedəcək, baxarsınız.
Emil kimi mənə də Norveçdən təklif gəlib. 2015-ci ildə Norveçlə oyundan sonra onların “Strömsqodsa” komandasından mənə rəsmi təklif gəlmişdi. Amma biləndən sonra ki, orada maaşından 40 faiz vergi tutulur, imtina etdim. Çünki Norveç çox bahalı ölkədir. Gərək elə maaş alasan ki, dolana biləsən. Dedim ki, vergini heç olmasa siz özünüz verin, razılaşmadılar, ona görə də, keçidim baş tutmadı”.
Əfran İsmayılov mənfi cəhəti kimi evə, ailəyə, Vətənə həddən çox bağlı olmasını göstərib:
“Mən adicə Türkiyədə toplanışda olanda evdən ötrü darıxıram. Gənclərə məsləhətim budur ki, mənim kimi olmasınlar, gedib xaricdə legioner həyatı yaşasınlar. Bizdə bir az menecer baxımdan da zəiflik var. Amin Seydiyev, İsmayıl İbrahimli, Tural Bayramlı kimi gənclərimiz var ki, xaricdə legioner həyatı qura bilərlər”.
Sonda o qeyd edib ki, millidə yerli baş məşqçinin olmasını, amma əcnəbi olacaqsa, Robert Prosineçkinin qayıtmasını istəyir.