"İstəməzdik ki, çempionat vaxtından əvvəl yekunlaşsın. Mübarizə apararaq qızıl medal qazanmaq daha yaxşı olardı. Kollektiv artıq ardıcıl bir neçə il bunu edib. İnanırdım ki, mövsüm davam etsəydi, çempionatı lider kimi başa vura bilərik. Çempion olmağımız təsadüfi deyil".
Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Famil Xəlilov Gənclər Liqasında vaxtından əvvəl çempion elan edilmələri ilə bağlı danışarkən deyib.
Gənc mütəxəssis əyalət təmsilçisində işlərin yaxşı qurulduğunu söyləyib. O, uşaqların yaxşı formalaşdığını sözlərinə əlavə edib: "Bu, akademiyada gedən düzgün işin bəhrəsidir. Uşaqların kiçik yaşlarda yetişdirilməsində hər bir məşqçinin əməyi var. Sistem düzgün işlədiyindən, bəhrəsini görürük. Futbolçularımız uşaq yaşlarından beynəlxalq turnirlərə davamlı qatılırlar. Əksəriyyəti müvafiq yaş üzrə milli komandaya dəvət alır. Uşaqlar hər il UEFA Gənclər Liqasına vəsiqə qazanmağı daha çox istəyirlər".
Xəlilov UEFA Gənclər Liqasında növbəti mövsüm bir neçə mərhələ keçmək istədiklərini vurğulayıb: "Keçən il Kiprdə APOEL-lə 1:1 hesablı heç-heçəyə nail olaraq, xeyli ümidlənsək də, təəssüf ki, ev matçında futbolçularda həyəcan oldu və 0:1 hesabı ilə uduzduq. APOEL tam rahat şəkildə keçə biləcəyimiz rəqiblərdən idi. Bəlkə də uşaqlarda rahatlıq oldu".
Baş məşqçi komandasının bir neçə oyunçusunun "Qəbələ"nin əsas kollektivində olduğunu xatırladıb: "Davamlı olaraq əsas komanda ilə məşqə çıxanlar var. Ad çəkməyim doğru olmaz, amma İdris İnqilablını misal göstərə bilərəm. O da bizim aparıcı oyunçularımızdan idi, artıq ötən ilin ortalarından əsas komanda ilə məşqlərdədir. Özünü sübut edəcəyinə inanıram. Bir neçə oyunçumuz var ki, onlar da əsas komandanın diqqətindədir".
Mütəxəssis "Qəbələ"nin U-19 komandasının hədəflərinin daim UEFA Gənclər Liqasında çıxış etmək və nəticə qazanmaqdan ibarət olduğunu söyləyib: "Hər il çempionluğu hədəfləyirik. Artıq 3 ildir ki, çempion oluruq, oyunçular daha istəklidir. Ölkə çempionatının qalibi olub, avrokuboka qatılmaq istəyirlər. Eyni qaydada işimizi davam etdirəcəyik. Akademiyanın iş prinsipində hədəf qoyulmayıb ki, mütləq çempion olmalısan. Əsas futbolçuların yetişməyidir. İl ərzində U-19 liqasından bir neçəsini əsas komandaya göndərə bilsək, çempionluqdan daha çox önəmlidir".
Qeyd edək ki, "Qəbələ"nin U-19 komandası AFFA İcraiyyə Komitəsinin qərarına əsasən çempion olub. Komanda 15 oyunda 33 xal toplayıb, ikinci yerdəki "Sabah"ın isə 32 xalı olub.