İyunun 30-u "Milan"la müqaviləsi başa çatacaq Asmir Beqoviç mövsümün sonuna qədər komandada qalacağını açıqlayıb.
Sportarena.az xəbər verir ki, 32 yaşlı qapıçı qarşıdakı aylarda müqavilə ilə məxsus olduğu İngiltərənin "Bornmut" klub ilə gələcəyini müzakirə edəcəyini bildirib:
"Liqalar hələ bərpa edilir və komandalar indi oynamağa başlayır. İşlər tezliklə aydınlaşacaq və insanlar öz planlarını rahat şəkildə quracaqlar. Eyni şey mənə də aiddir. Mövsümün sonuna qədər müqaviləm var. Komandaya sona qədər kömək edəcəyəm və daha sonra nələr baş verəcəyini görəcəyik. "Bornmut"la hələ 2 illik müqaviləm var. Önümüzdəki aylarda gələcəyimlə bağlı mütləq danışacağıq".
Təcrübəli bosniyalı əlcək sahibi "Qarabağ"dakı çıxışına da toxunub: "Qarabağ"da oynamaq yaxşı təcrübə idi. Bu fürsət mənə verildi və düşündüm ki, niyə də olmasın? Bakı böyük və gözəl şəhərdir. Orada çox gözəl mədəniyyət var. Azərbaycanda özümə bəzi yaxşı dostlar qazandım. Ən əsası odur ki, yenidən oynamağa başladım və zövq aldım".
Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirmişdi.