Millimizin sabiq qapıçısı: "Məni Foqtsun qeyri-rəsmi oğlu adlandırırdılar" - MÜSAHİBƏ

17:36 21 İyun 2020

Azərbaycan millisinin, “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan” və “Qəbələ” klublarının sabiq futbolçusu Andrey Popoviç ua-football.com-un suallarını cavablandırıb.

 

Sportarena.az 28 yaşlı qolkiperin müsahibəsini təqdim edir.

 

– 16 yaşınızda Azərbaycana getmək variantı necə ortaya çıxdı?
– 2008-ci ildə Donetsk “Metallurq”unun gənclər komandasında çıxış edirdim. Həmin vaxt AFFA MDB məkanında istedadlı futbolçular axtarırdı. Donetskə üç skaut göndərilmişdi – “Şaxtyor”a, “Metallurq”a və “Olimpiya”ya. Məni gördülər və Berti Foqtsun yenicə baş məşqçi kimi çalışmağa başladığı əsas milliyə düşmə perspektivi ilə gənclər yığmasında oynamağa dəvət etdilər. Azərbaycana getmək – beynəlxalq səviyyədə oynamaq üçün motivasiya, yerli klublarda çıxış etmək məsələsi artıq ikinci dərəcəli idi. Bununla yanaşı, klub səviyyəsində də Avropa yarışlarında oynamağı bacardım. Bu səbəbdən, seçimimə görə peşman deyiləm.

 

– Azərbaycandakı karyeranız dövründə hazırkı komandanız “Minay”a oxşarlığı ilə seçilən “Abşeron”da çıxış etmisiniz. Bu klub barədə ətraflı danışın…
– Məni əvvəlcə stabil maliyyəsi və o dövr üçün əla perspektivləri olan “Bakı”ya dəvət etdilər. Orada əvəzedici komandanın əsas heyətində oynadım. İki mövsümdən sonra yenicə yaradılmış və I Divizionda iştirakı təsdiqlənən “Abşeron”a icarəyə verilmə variantı ortaya çıxdı. Debüt mövsümündəcə məğlub olmadan elitaya vəsiqə qazandıq. Noyabrda isə məni yığmaya dəvət etdilər. Həmin vaxt I Diviziondan milliyə çağırılan ilk futbolçu kimi tarixə düşdüm.

 

– Belədə sizi Foqtsun sevimlisi adlandırmaq olar?
– Nəinki sevimlisi, hətta məni onun qeyri-rəsmi oğlu adlandıraraq təhqir edirdilər. Amma mən milliyə gözəl gözlərimə görə çağırılmamışdım. Öz səviyyəmi sübut etməyə çalışdım və bunu meydanda təsdiqlədim.

 

– Millidəki ilk vaxtlarınızda sosial şəbəkədə qalmaqallı fotonuz yayılmışdı. Komanda daxili nizam-initzamı pozmuşdunuz…
– Bəli, belə bir şey olub. Nə deyim – gənc və təcrübəsiz idim. Adi bir şəkildən qlobal qalmaqalın şişirdilə biləcəyini bilmirdim. BƏƏ-də Sinqapurla yoldaşlıq oyunu keçirirdik. İlk hissədə hər şey yaxşı alındı, əsas heyətdə oynadım və 2:0 hesabı ilə öndə idik. Meydan bərbad idi, düşünülmüş hücumlar qurmağa imkan vermirdi. Əslində üstünlüyü əldən verməyimizdə bu da rol oynadı. Qapımıza vurulan ilk qolda rəqibin bəxti gətirdi. Son dəqiqələrdə isə hesabı bərabərləşdirməyə nail oldular. Halbuki biz onlardan 2 baş üstün idik. 2:2 hesablı heç-heçə uğursuzluq kimi qəbul olunsa da, Foqts növbəti gün bizə istirahət verdi. Elə alındı ki, legionerlərlə birlikdə yerli klublardan birinə yollandıq və heç bir artıq hərəkətə yol vermədən mədəni şəkildə dincəldik. Selfi çəkdirdik və arxa fondakılara fikir vermədən fotonu sosial şəbəkədə paylaşdım. Növbəti gün baş məşqçinin otağına çağırıldım və mənə şiddətli töhmət verdilər. Komanda yoldaşlarımdan birinin əlindəki siqaret və içki kadra düşmüşdü. Mən isə günahsız idim. Buna baxmayaraq, bütün məsuliyyəti və cəriməni öz üzərimə götürdüm.

 

– Necə düşünürsünüz, həmin epizodun rezonansı milli karyeranızı korladı?
– Xeyr, belə düşünmürəm. Almaniyalı məşqçilər korpusunun dəvəti ilə U-21-ə müntəzəm çağırılırdım. 2017-ci ildə Robert Prosineçkinin vaxtında isə əsas millinin təlim-məşq toplanışına dəvət aldım. Həmin foto gənc olmağımın nəticəsi idi və mənim üçün yaxşı dərs oldu. Oyun planında isə xüsusən, “Sumqayıt” və “Qəbələ”də çıxış etdiyim dövrdə milliyə düşmək baxımından problem yaşamadım. Xüsusən, “Sumqayıt” və “Qəbələ”də meydana çıxanda milli komandaya daxil olmaqda heç bir problem yaşamadım.

 

– Sizi “Qəbələ”yə Roman Qriqorçuk dəvət etmişdi?
– Bəli, 2015-ci ilin yayında Roman İosifoviç məni öz komandasına dəvət etdi. Əlbəttə, başa düşürdüm ki, baş məşqçinin gətirdiyi Dmitri Bezotosnı ilə əsas heyətə düşmək uğrunda mübarizə aparmaq lazımdır. Qriqorçuk mənə həm də Azərbaycan pasportum olduğu üçün etimad göstərirdi. Çünki legioner sayılmırdım. Nəticədə biz Bezotosnı ilə yükü bölüşdürdük: o, əsasən avrokuboklarda oynayırdı, mən isə çempionatda qapını qoruyurdum.

 

– Avropa Liqasında oynamaq şansı qazandınız?
– Bəli, praktikamda avrokubok matçı da var. Düzdür, uğursuz alınmışdı, evdə “Krasnodar”a 0:3 hesabı ilə uduzmuşduq. Amma o atmosferi hiss etmişəm.

 

– Niyə 2015/2016 mövsümünün sonunda 1 illik müqaviləniz qaldığı halda Azərbaycanı tərk etdiniz: Baş məşqçi ilə münaqişə olmuşdu?
– Roman İosifoviçlə konfliktim olmadı, amma vəziyyət öz-özünə qəribə hal alırdı. İkinci dövrənin ilk matçında elə də güclü olmayan “Kəpəz”ə 0:3 hesabı ilə məğlub olduq. Oyuna yüklənmə fonunda çıxmışdım. Amma deməzdim ki, buraxılan qollardan ən azı birində mənim səhvim var idi. Buna baxmayaraq, növbəti gün mənə dedilər ki, əvəzedici komandaya gedirsən. Komandanın inzibatçısından səbəbi aydınlaşdırmağa çalışdım. Qriqorçuk fərdi söhbətdə mənə peşəkarlığımı aşağı saldığımı söylədi. Sual verdim ki, həqiqətənmi bir uğursuz matç bütün işimin üstündən xətt çəkdi?

 

– Daha sonra əvəzedicidə oynamaq istəmədiniz və müqaviləni pozdunuz?
– Yox, ikinci komandada oynamağa və peşəkar səviyyəmi sübut etməyə hazır idim. Qriqorçukun özü də dedi ki, ümidsiz olmamalı və tezliklə əsas heyətə qayıdacağıma inanmalıyam. Lakin əvvəlcə bir ay keçdi, sonra növbəti ay və sanki mənim varlığımı unutdular. Eyni zamanda Roman İosifoviç tez-tez yaxşı oynadığım oyunları izləməyə gəlirdi. Digər gənc oyunçuları əsas heyətə cəlb etsə də, mənimlə danışmaq belə, istəmədi.

 

– Hər şey necə başa çatdı?
– Mövsümün sonunda Kiyevə qayıtdım. Mənə dedilər ki, “Qəbələ”nin maliyyə çətinlikləri yaranıb. Mənimsə hələ 1 illik sözləşməm var idi. Hər gün klubdan zəng vurub müqaviləni qarşılıqlı razılıq əsasında pozmağı təklif edirdilər. Mən isə əsas heyətdə oynamağa layiq olduğumu sübut etmək istəyirdim. Görünür, “Qəbələ” rəhbərliyindəki bir şəxsin bu məsələyə öz baxışı var idi və məndən canını qurtarmaq istəyirdi. Nəticədə, qərarı dəyişdim və yeni komanda axtarmağa başladım. (Report)


Digər xəbərlər

Xəbər xətti