“Qarabağ”ın prezidenti Tahir Gözel qol.az-a müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ”ın bugünkü mükafatlandırma mərasimi nisbətədən qapalı şəraitdə keçdi. Meydanda bayram ovqatı qətiyyən hiss olunmurdu və elə bir kədərli bir mənzərə vardı.
- Futbol emosia, ruh oyunudur. Stadion azarkeşlərlə dolanda, onların səsini, dəstəyini hiss edəndə, əlbəttə, təntənəli bir mənzərə yaranır. Bilirsiniz ki, tərəfdarlarımız isti, soyuq hava demədən, hər zaman arenaya gəliblər. Onlar artıq ürəklərini "Qarabağ"a bağlayıblar. Mükafatlandırmadan sonra sevincini onlarla bölüşmək, reaksiyalarını görmək stadionda başqa bir atmosfer yaradır. Bu gün, təəssüf ki, koronavirus pandemiyasına görə tətbiq olunan qadağalara görə azarkeş stadiona gələ bilmir. Əlbəttə, xəstəliyin yayılmasını görürük, xəbərləri izləyirik. İnsanda istər-istəməz məyusluq yaranır. Amma futbola gələndə, daxildə mən qürur duyuram. Allaha şükür, bu, böyük bir uğurdur. 7 dəfə ard-arda çempion olmaq Azərbaycan futbolu tarixində ilkdir. Əlbəttə ki, bugünkü mükafatlandırmanı ötən illərlə müqayisə edə bilmərik.
- Son 1 ilə nəzər salaq. Daxildə uğurlu nəticələr oldu. Avropa Liqasında isə komandanız növbəti dəfə qrup mərhələsinə vəsiqə qazandı. Qrup səddini keçmək üçün yaxşı bir imkan olsa da, bu şans əldən buraxıldı. Bu mənada, ötən bir ildəki çıxışa “Qarabağ” rəhbərliyinin qiyməti necədir?
- "Qarabağ" hər il dəyişir, yeni futbolçular gəlir, təzə yanaşmalar, taktikalar doğur. Bir də şans məsələsi var. Ona görə də hesab edirəm ki, Avropada "Qarabağ" olaraq əlimizdən gələni etdik. Biz Qurban hocayla, futbolçularla, texniki heyətlə bacarığımızı ortaya qoyduq. Bəzən bəxt gətirmir, hərdən alınmır. Amma mən "Qarabağ" son ildəki oyununda ötən illərlə müqayisədə geriləmə görmürəm. Lakin bilirsiniz, həyatda da belədir. Bir il alınır, bir il alınmır. Zaman dəyişən bir şeydir, axan bir sudur. Çox böyük nailiyyətlərimiz olub. Elə uğurlar olub ki, onlar bir də təkrarlanmaya bilər və ya əksinə. Ona görə də mən bunu təbii bir keçid kimi qarşılayıram.
- Gələcəyə nəzər salaq. Həm iqtisadi, həm idman baxımından hərtərəfli çətin dövrə düşmüşük. Komandanın qarşısına qoyulan hədəflərdə dəyişiklik olacaqmı?
- Bu gün yeni bir reallıqla qarşı-qarşıyayıq. Biz gərək bunu qəbul edək. Təəssüf ki, bu günkü iqtisadi vəziyyətdə millət, dünya olaraq zərbə aldıq. Amma bizim dövlətimiz bu qədər güclü olmasaydı, pandemiyanın Azərbaycana təsiri daha ağır olacaqdı. Doğrudan da cənab Prezident möhtəşəm bir iradə ilə çox şeyin qarşısını aldı. Amma şərait çox ağırdır. İxrac bazarlarımıza da mənfi təsiri olub. Bilirsiniz ki, Moskvada bazarlar bağlanıb. Daxili bir yana, xaricdəki bazarlarımızda da problem yarandı. Rubl dəyərini itirdi. Əlbəttə, bütün bunların yeni mövsümdə "Qarabağ"ın büdcəsinə təsiri olacaq. Amma biz yeni mövsümdə "Qarabağ"ı, bir çempion klubu necə ayaqda tuta bilərik, Avropada indiki reallıqlar şəraitində yenidən sözümü hansı formada deyəcəyik, bax, bunun üzərində fikirləşirik. Yəni demək istəyirəm ki, "Qarabağ" doğrudan da, bizim həyatımız, canımızdır. Ona görə də təzə şərtlərin yarandığı bu dövrdə komanda üçün ən yaxşısını edəcəyik.
- Koronavirus pandemiyasına görə böyük klublar bahalı transferlərdən imtina edirlər. İndi futbolçuların alınması deyil, dəyişdirilməsi daha çox müzakirə edilir. Düzdür, bizdə dəyəri milyonlarla ölçülən futbolçu transferi olmayıb və mən güman etmirəm ki, əcnəbi futbolçuların dəyişdirilməsi kimi təcrübəyə Azərbaycan klublarında da geniş zərurət yaranacaq. Amma istənilən halda "Qarabağ" hər transfer dövründə daha çox gündəmə gəlir. Bəzən buna görə klub rəhbərliyi də az tənqid olunmur. Bu il necə olacaq? Futbolçuların dəyişdirilməsi kimi məsələlər sizin transfer siyasətində varmı? Ümumiyyətlə, bu yay hansı transferlər nəzərdə tutulur?
- İndi bu suala cavab verməyə hazır deyiləm. Çünki yeni mövsüm üçün transferləri danışmağa görə hələ iclas keçirməmişik, büdcə müəyyənləşməyib. Həm də biz izləyirik ki, görək, bu pandemiya dövrü necə keçəcək, sonu necə olacaq. Əlbəttə, bilinən faktlar var. Məsələn, Rəşad Sadıqov daha oynamayacaq. Onun yerinə əlbəttə ki, futbolçu almalı idik və aldıq da. Cavan və istedadlı bir oyunçudur. Amma digər transferlərə bağlı durum necə olacaq, bunu indidən deyə bilməyəcəyəm.
- Siz az əvvəl büdcədə azalma olacağını təsdiq etdiniz. Bu, faiz etibarı ilə nə qədər olacaq?
- İnanın ki, bu gün cavab verə bilmirəm. Çünki hələ heç nə bilinmir. Yığışıb müzakirə etməliyik. Bilirsiniz, klubun büdcəsi qarışıq bir məsələdir. Orada klubun infrastruktur xərcləri, komandanın xaricdə oynadığı vaxt çarter reysi ilə gediş-gəliş xərcləri var. Yəni azalda biləcəyimiz və azalda bilməyəcəyimiz xərclər var. Deyəcəyim boş sözlər deyil. "Qarabağ"ın adını, nüfuzunu qoruyub saxlamaq bizim prinsipimizdir. Hər zaman "Qarabağ"ı dinamik, bacarıqlı bir komandanı kimi necə saxlayacağımız xüsusi diqqətimizdə olub. İndi imkanlarımıza baxacağıq. İnanıram ki, bu kompleks məsələləri hesablayıb, qarşıdakı 1-2 ay ərzində bu suallara cavab verəcəyik.
- Bayaq qeyd etdiniz ki, Rəşad Sadıqov karyerasını bitirir və yeni futbolçu – müdafiəçi alınıb. Amma komandada hücumçu boşluğu da var. Eyni zamanda yeni qapıçının transfer ediləcəyinə dair məlumatlar da yayılıb. Sizin yəqin ki, məşqçilər heyəti ilə bu barədə söhbətiniz olub. Bu mənada, yay transfer pəncərəsində hansı mövqelər üzrə, ümumiyyətlə, neçə oyunçunun alınacağına dair bir qərar vermisinizmi?
- Dediyim kimi, hələ buna cavab verə bilmərəm. Çünki mənimlə məşqçi heyəti arasında danışıq olmayıb.
Əmrah Çelikel söhbətə qoşulur: Bu məsələ belədir ki, transfer etmək istədiyimiz futbolçularla danışıqlar gedir, qiyməti müəyyənləşdirilir. Yalnız prosesin sonunda, təsdiqedici məqamda Tahir bəyə bununla bağlı məruzə edirik. O müsbət cavab verəcəyi halda transfer həyata keçirilir. Yəni bizdə sistem bu cür qurulub.
Tahir Gözəl: Hələ mənə müraciət olunmayıb. Baxın, dünyada futbolçu gətirmək də bir dərddir. Heç gələ bilərmi? Gəlmək istəyən varmı? O qədər qarışıqlıq, qeyri-müəyyənlik var ki... Dünyanın psixologiyası dəyişib. Əslində bunu deməyin vaxtıdır. Mən dönüb, yerli oyunçulara baxıram. Çünki artıq xaricdən futbolçu gətirmək müsibətdir. Psixoloji cəhətdən də gəlmək istəmirlər. Çünki gəlir, sonra ailəsini görməyə getmək istəyir. İndi, bu dövrdə getməsini, gəlməsini necə təşkil edəcəksiniz? Bu, özü neqativ bir faktdır.
- Ötən ilə qədər həm siz, həm Əmrah Çelikelin müsahibələrində deyirdi ki, bizim birinci hədəfimiz Çempionlar Liqasının qrupudur, olmasa Avropa Liqası. Bu gün pandemiyaya görə şərtlər dəyişib. Özünüz də bildirdiniz ki, hər mərhələ bir matçdan ibarətdir. Ona görə də məlum şərtlər çərçivəsində “Qarabağ”ın Avropadakı hədəflərində hər hansı bir dəyişiklik olacaqmı?
- Xeyr. Hədəfimiz olduğu kimi qalır. Güman edirəm ki, bəxtimiz gətirər. İlk iki oyunda münasib komandalarla qarşılaşacağımıza inanıram. Gələcəyi görmək çox çətindir. Amma məqsədimiz əlbəttə ki, Çempionlar Liqasının qrupuna düşməkdir. Dediyim kimi, belə bir istəyimiz var. Amma şərait görün nə qədər ağırdır. Hələ oyun bir yana, biz bu gün istədiyimiz kimi məşq belə edə bilmirik. Bu qaydaları da dəstəkləyirik. Çünki əvvəl səhhətimizə diqqət etməliyik. Bizim ölkə başçımız çox doğru qeyd edir ki, hər şeydən əvvəl insanın səhhəti, sağlamlığıdır. Millətin canı sağ olmasa, xəstəlik olarsa, biz qısa müddətdə bunun qarşısını almasaq, çətin olar. Bu xəstəlik mutasiya edir və daha təhlükəli olur. Təsəvvür edin, indi mən məşq edə bilmirəm, nə vaxt məşq edə biləcəyəm, bu da bəlli deyil.
- AFFA çempionatı erkən başa vurdu. "Qarabağ" 8 xal fərqlə qalib elan edildi. Demək olar ki, futbol ictimaiyyəti, əksəriyyət bu qərarı anlayışla qarşıladı. Təbii ki, qəbul etməyənlər də oldu. O cümlədən də əzəli rəqibiniz "Neftçi" tərəfdən belə bir mesajlar olurdu ki, hələ bizim şansımız bitməyib, oynasaydıq, çempion ola bilərdik. "Neftçi"nin bu reaksiyasına münasibətiniz necədir?
- Bunu normal qarşılayıram. Mən də 2-ci yerdə olsam, deyərdim ki, şansım var. Tam razıyam. Onların mövqeyi düzgündür. Əslində "Qarabağ"dan soruşanda ki, siz nə etmək istəyirsiniz, davam etmək istədiyimizi bildirmişdik. Futbolçu nə istəyir? Oynamaq istəyir. Boksçu döyüşmək istəyir. Klub üçün büdcə ayrılıbsa, kəsilmir. Oynamır deyə kiminsə maaşı kəsilmir. Biz hamımız istəyirik ki, davam edək, mübarizə aparıb, qalib olaq. Amma şərait buna icazə vermədi. Biz də qərarla razılaşdıq, dedik ki, bəli, saxlanılsın. Bir daha deyirəm, "Neftçi"nin mövqeyini düzgün hesab edirəm. Lakin həqiqət başqa cürdür. Əvvəl səhhət, sağlamlıqdır. Radikal bir mesajdır ki, hər bir şeyi saxlayın. Çünki gələcəyimiz təhlükə altına girər.
- Sonuncu sualım. Rəşad Sadıqov karyerasını başa vurdu. Onun "Qarabağ"da Qurban Qurbanovun köməkçisi kimi fəaliyyətini davam etdirəcəyinə dair söhbətlər var. Bununla bağlı mövqeyiniz necədir?
- Əlbəttə, mənim ən böyük arzum Rəşadın bizdə qalmasıdır. Qurban müəllimlə də sizlə söhbətdə əvvəl danışdım və istəyimi ona da dedim. Rəşad Sadıqov "Qarabağ"ın onurğa sütunudur. Həm əxlaqı, həm cəsarəti, həm liderlik bacarığı ilə Qurban Qurbanova böyük bir kömək olar. Xaricdə oynayıb, komandaları tanıyır, taktikaları öyrənib. O, böyük bir dəyərdir. Onu buraxmaq bizim üçün böyük itki olardı. Ona görə də mən Qurban müəllimlə danışanda fikrimi bildirdim ki, məncə, Rəşad Sadıqov bizdə qalmalıdır. Amma dediyim kimi, Qurban Qurbanov bizə cavabdehdir. Bu cavabdehliyin qarşılığında biz gərək ona azadlıq, rahatlıq verək ki, düzgün qərar qəbul etsin. Mən də onun qərarına hörmətlə yanaşıram. Amma hesab edirəm ki, Qurban Qurbanov da bu məsələyə müsbət baxacaq.