"Qəbələ"nin prezidenti Fariz Nəcəfov sportinfo.az-a müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- AFFA İcraiyyə Komitəsinin son iclasında Azərbaycan Premyer Liqasının və ölkə kubokunun oyunlarının yarımçıq dayandırılmasına qərar verildi. Bu qərarın "Qəbələ"nin gələcək taleyinə hansı təsiri olacaq?
- Heç bir təsiri olmayacaq. Amma biz istəyirdik ki, çempionat davam etdirilsin. Çünki "Qəbələ" sonuncu yerdə olmağa layiq deyildi. Dördüncü yerlə aramızda çox az - cəmi 4 xal fərqimiz vardı. Avrokuboklara da vəsiqə qazanaa bilərdik. Həm çempionat, həm də kuboku yolu ilə buna şanısımız var idi. İstənilən halda artıq qərar verilib. AFFA və PFL bu məsələdə daha çox məsuliyyət daşıyır. Bildiyimiz kimi, AFFA-nın qərarında sonra ölkədə sərt karantin elan olundu və açıq havada idman oyunlarının keçirilməsi qadağan edildi.
- Qeyd etdiyiniz kimi, "Qəbələ"nin avrokuboklara getmək şansı kifayət qədər yüksək idi. Avrokuboklarda iştirak isə klubun büdcəsinə müəyyən qədər əlavə vəsaitin daxil olması deməkdir. Bu baxımdan düşünmürsüz ki, klub maliyyə baxımından itirmiş oldu?
- Gəlir oldu-olmadı, istənilən klubun qarşısında hədəf olmalıdır. Əlbəttə, əsas məqsəd avrokuboklarda iştirak etməkdir. Ora gedəndə qazanılacaq məbləğ arxa planda qalır. Çalışacağıq ki, növbəti il daha uğurlu çıxış edib, avrokuboklarda iştirak edə bilək.
- Növbəti il daha uğurlu çıxış üçün yaxşı büdcənin olması vacibdir. Son açıqlamalarınızda yaxşı büdcə formalaşdırmaq üçün yeni sponsorlarla danışıqların getdiyini demişdiz. Bu istiqamətdə müsbət irəlləyiş varmı?
- Bu baxımdan hazırda heç bir irəlləyiş yoxdur. Mövcud vəziyyətdə danışıqların aparılması mənasızdır. İnanıram ki, vəziyyət düzələndən sonra danışıqları bərpa edərik.
- Bu o anlama gəlir ki, pandemiya ilə bağlı sponsorlarla gedən bütün danışıqlar dayandırılıb?
- Yox. Hazırda danışıq apardıqlarımız da var. Amma bu danışıqlar indiki vəziyyətdə mənə heç bir ümid vermir.
- Bəs bu şərtlər altında yeni mövsümə hazırlaşmaq çətin olmayacaq?
- Klubda çətinliklər yeni deyil. İki-üç il əvvəldən bu çətinliklər başlayıb. Hər il büdcəmiz azalır. Növbəti mövsümdə də asan olmayacaq. Amma hansı büdcəni formalaşdıra bilsək, ona uyğun komanda hazırlamağa çalışacağıq.
- Futbol ictimaiyyəti "Qəbələ"nin hazırkı vəziyyətindən çox narahatdır. Hətta komandanın növbəti mövsüm Premyer Liqada çıxış etməmək təhlükəsindən danışanlar da var. Ümumiyyətlə, "Qəbələ"nin dağılmaq kimi bir ehtimalı varmı?
- Yox. İnşallah, komanda növbəti mövsüm Premyer Liqada iştirak edəcək. Bununla bağlı AFFA-dan da müəyyən dəstək olmalıdır. Bu dəstəyi və digər sponsorlarımızdan gələn gəlirləri nəzərə alsaq, inanmıram ki elə bir şey olsun. Bunu Klublar Komitəsinin toplantısında da müzakirə etmişdik. Amma dediyim kimi, biz öyrəşmişik daha iddialı, normal büdcəsi olan və çempionluq üçün mübarizə aparan "Qəbələ"ni görməyə. Amma indi edə biləcəyimiz başqa bir şey yoxdur. Əlimizdəki imkanlara uyğun komanda qurmağa çalışırıq.
- Legionerlərin maaşlarında azalma olacağını açıqlamışdız. Onları bu məsələdə razı sala bildizmi?
- Legionerləri ona görə demişdim ki, bizdə yerli futbolçular daha çox akademiya uşaqları olduğu üçün bu baxımdan elə də çətinlik yaranmır. Problem qarşıdakı iki aylıq yeni müqavilənin artırılması ilə bağlıydı. Çempionat dayandırıldığına görə bu məsələ artıq gündəmdə deyil. Kimlərlə yollara davam edib-etməməklə bağlı məşqçimiz ilə hələ danışmamışıq. Bunun üçün kifayət qədər vaxtımız var. Bu mövzuda görüşümüz olanda sonra açıqlama veriləcək.
- Klubun büdcəsi ilə bağlı qeyri-müəyyənlik akademiyanın gələcək fəaliyyətinə hansı təsiri edə bilər?
- Ən çox narahat olduğumuz nöqtə akademiya məsələsidir. "Qəbələ"nin avrokuboklardakı uğurlu çıxışları bir yana, mən hər zaman daha çox akademiyamızla fəxr etmişəm. Yetişdirdiyimiz gənclər ölkə adına görülən işdir, gələcəyə yatırımdır. Büdcəni tamamlaya bilməsək, məcburuq akademiyaya ayrılan pulu azaldaq. Bu, məni çox narahat edir. Çalışırıq ki, lazım olan büdcəni yığaq və akademiya fəaliyyətin davam etdirsin.
- Deməli, akademiyada ixtisarların olacağını gözlənilir ...
- Gözlənilir. O da ola bilər ki, büdcəni təmin edək və akademiyada heç bir şey dəyişməsin. Yəni, olduğu kimi fəaliyyətin davam elətdirsin. Mən hesab edirəm ki, akademiya tək "Qəbələ"də yox, bir neçə klubda olmalıdır. Biri var, klubların uşaq futbol məktəbləri, biri də var, akademiya. Bunlar arasında böyük fərq var. Məqsədyönlü iş olmalıdır. Qəbələdəki akademiya 10 il ərzində görülmüş işin nəticəsidir. Bunun dağılmasına şərat yaratmaq və yenidən bu işi qurmaq çox çətindir. Ona görə də hesab edirəm ki, akademiyamızı qoruyub saxlaya bilsək, yaxşı olardı.