Millimizin sabiq futbolçusu Vaqif Cavadovun Oxu.Az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir.
– Mövsüm başa çatdı. Klubsuz günlərinizi başa çatdıracaq yeni təklif almamısınız?
– Nə yalan deyim, hələlik yox. Azərbaycandan təklif almamışam. Təkliflərə açığam. Görək nə olur...
– Maddi cəhətdən sıxıntı hiss etmirsiniz?
– (gülür) Maliyyə hamıya lazımdır. Amma Allaha şükür, hər şey yaxşıdır.
– Futbolsuz qalmağınıza səbəb klub rəhbərləri arasında “Vaqifi götürmə” razılaşmasının mövcudluğu ola bilərmi?
– Mən bildiyimi bilirəm. Necə futbolçu olduğumu da hamı gözəl bilir. Bunu klub rəhbərlərindən soruşmaq lazımdır. Əgər mən 30 yaşımda futbolu bitirirəmsə, indi futbol oynayanların əksəriyyəti çoxdan karyerasını bitirməlidir. Çünki indi millidə oynayan futbolçular 6-7 il əvvəl heyətdə heç “18-liy”ə düşməzdi.
– Sizin dövrdə millidə olmuş Mahir Şükürov, Kamran Ağayev futboldan ayrı düşüb, Əfran İsmayılov, Ruslan Abışov əvvəlkitək top-klublarda çıxış etmirlər. Sizin nəsildə geriləməni nə ilə əlaqələndirirsiniz?
– Hamının öz zamanı var. Əgər bu futbolçular xalq tərəfindən sevilibsə, həm AFFA, həm də klublar onları qiymətləndirməlidir. Cənab Prezident atam Füzulini, əmim İsgəndər Cavadovu yaxşı futbolçu olduqları üçün mükafatlandırıb.
Futbol azarkeşlərə görə oynanılır. Deməli, xalq tərəfindən sevilən futbolçular olub. Mahir Şükürov, Elnur Allahverdiyev, Kamran Ağayev kimi futbolçular işlə təmin olunmalıdır. Bu siyahıya Vüqar Nadirovu, Elvin Məmmədovu da əlavə edərdim.
– Bu ay “Azleader” adlı uşaq futbol məktəbi açdığınız bəlli oldu. Hazırda əlverişsiz dövrdür, kiçik meydançalar bağlanıb. Uşaqları bu məktəbə yazdırmaq baxımından çətinlik yaşamırsınız?
– Pandemiya imkan vermir ki, tam başlayaq. Nə vaxt icazə verilsə, Xətai rayonu ərazisində yerləşən Sevgililər parkının yaxınlığında məşqlərə start verəcəyik. Özüm o tərəfdə yaşayıram.
– Sabiq komandanız “Sumqayıt” ilk dəfə avrokuboklarda iştirak edəcək. Düşünmürsünüz ki, bu klub heyət və təcrübə baxımından Avropa Liqasında çətinlik çəkəcək?
– “Sumqayıt”ı təbrik edirəm. İnanıram ki, onların özləri də çempionatın davam etdirilməsini və əlavə söz-söhbətlərin olmamasını istəyərdilər. Amma AFFA rəhbərliyi səviyyəsində belə qərar qəbul edilib. İndiki durumda pandemiyaya görə çempionatı davam etdirməmək düzgün addım idi. Çünki futbol elə idman növüdür ki, iki gün məşq etməyəndə alınmır.
“Sumqayıt”ın çıxışına gəlincə, bəzi klublarda legioner sayı çox olsa da, avrokuboklarda mərhələ adlaya bilməyiblər. Ona görə də, “Sumqayıt”ın transfer siyasətinə baxmaq lazımdır.
– Artıq məlumdur ki, “Sumqayıt” öz siyasətinə sadiq qalacaq və əsasən, yerli futbolçularla yoluna davam edəcək...
– Yerlilərdən ən yaxşılarını cəlb etmək, boşda kim varsa, onları komandaya cəlb etmək lazımdır. Hər şey hazırlıqdan asılı olacaq. Yerli futbolçular “Qarabağ”ın heyətində necə oynaya bildiklərini artıq sübut edib. Biz “Rusenborq”u keçəndə “Qarabağ”da yeganə legioner Admir Teli idi. İnanıram ki, “Sumqayıt”da da belə olacaq.
– Milli komandada və “Qarabağ”da kapitanınız olmuş Rəşad Sadıqovun karyerasını bitirməsi haqda nə deyə bilərsiniz?
– O, hələ oynaya bilərdi. İndiki çempionatda onun kimi futbolçunun 2-3 il də oynaması mümkün idi. Ustalığı, futbol biliyi buna imkan verirdi.
– “Qarabağ”da Qurban Qurbanovun köməkçisi işləyəcəyi gözlənilir...
– O, oynaya-oynaya məşqçi işləyib. Belə bir potensialı varsa, niyə də işləməsin?! Rəşada uğurlar arzulayıram.