“Dörd ildir ki, “Sumqayıt”da çıxış edirəm. Həmişə Avroliqaya düşməyə yaxın olurduq, amma bunu bacarmırdıq. İndi isə Avroliqada çıxış edəcəyik. Karyeramın sonlarında belə nailiyyət əldə etdiyim üçün çox sevinirəm”.
Sportarena.az xəbər verir ki, bunu Oxu.Az-a “Sumqayıt” futbol klubunun təcrübəli müdafiəçisi Rail Məlikov deyib.
O, “Sumqayıt”ın ilk dəfə avrokuboklara vəsiqə qazanmasına münasibət bildirib: “Sumqayıt”a bu yaraşır. Klubun tarixində ilk avrokubok macərası olacaq. Özüm əvvəl Avroliqa həyəcanı yaşamışam. İstəyirdim ki, “Sumqayıt” da oynasın, gənc futbolçularımız bu həzzi dadsın.Klubda gözəl atmosfer var. Azarkeşlərimizin istəyi avrokuboklar idi. Biz gözəl kollektiv sayəsində bu yerə layiq olub, onları sevindirdik. Bunda hamının əziyyəti var”.
34 yaşlı futbolçu daha bir il də futbol oynamaq istədiyini vurğulayıb:
“Klubda qalıb-qalmayacağım hələlik bilinmir. Buna yaxın günlərdə aydınlıq gələcək. İstərdim ki, bir il də futbol oynayıb, sonra karyerama son qoyum. Çünki hələlik öz gücümə inanıram. Bu il yaşlı futbolçulardan Rəşadlar (Sadıqov və Sadiqovu nəzərdə tutur – S.M.) karyeralarını bitirdilər, mən də gələn il bitirərəm”.
Rail Məlikov məşqçilik kursuna yazılmağı da istədiyini bildirib:
“Mən əvvəlki baş məşqçilərimizin birinin vaxtında məşqçiliyə yazılmaq istədim. Bunun üçün 20 gün – bir ay məşqlərdə iştirak edə bilməyəcəkdim. Amma həmin məşqçi dedi ki, sənin köməyinə ehtiyacım var, kursda oxumağıma icazə vermədi. Keçən il də yazıla bilmədim. Milli üzvü olduğu üçün C kateqoriyam var, amma B üçün oxumağım lazımdır. Payızda Bakıda kurs olmalıdır. Amma karantinə görə, bəlkə, bu il də baş tutmayacaq”.