Rəşad Sadıqov: "Məşqçi kimi hədəfim budur ki, ölkə xaricində çalışım" - MÜSAHİBƏ

15:56 27 İyun 2020

Karyerasını başa vuran "Qarabağ"ın və millinin keçmiş kapitanı Rəşad Sadıqov "Report"un "Instagram" səhifəsində azarkeşlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Sadıqov öncə karyerasını bitirməyindən danışıb:

 

- Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün altına girmiş kimi hiss edirəm. Bəlkə də, bu misiyanın bitməsinə hardasa sevinirsən. Böyük oyunlarda iştirak edə bilməyəcəyəm. Düşünürəm ki, əlimizdən gələn qədər bunun öhdəsindən gəldim. 35 yaşımdan sonra hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim. Artıq 38 yaşım var idi. Bu il çox qəti qərar verdim. Amma oynamaq olardı, bundan sonra “Qarabağ”ın heyətində 38 yaşlı oyunçu yox, daim oynaya biləcək biri çıxış etməlidir. Qış toplanışında baş məşqçimizə bildirdim ki, son mövsümümdür. Qurban müəllim mətbuat konfransında bildirmişdi və mənə bu haqda sual verilmişdi və təsdiqləmişdim. Mövsüm bitdi və bildirdim ki, missiyam başa çatıb.

 

- Devid Bekhemini məşhur açıqlaması var: “Messi sağımdan atıb, solumdan keçəndə karyeramı bitirməyin vaxtı çatdığını anladım”. Siz nə vaxt karyeranızı bitirməyə qərar verdiniz?

- O cümlə ilə razı deyiləm. Lioenl Messinin qarşısında gənc müdafiəçilər durur və o, rəqiblərinin sağından atıb, solundan keçir. Bu gündəmə düşmək üçün səslənmiş cümlədir. Səndə alınmır, getmir və karyeranı bitirirsən. Səhvlərdən kimsə sığortalanmır. 35 yaşımda etdiyim səhvi 20 yaşda da etmişəm. Sadəcə, insanlar səhvi görəndə yaşı qabardırlar. Əgər səhvlər fiziki göstərəcilərə görədirsə, hücumçular səndən rahat sıyrılırlarsa, karyeranı başa vurmaq məqsədəuyğundur. Səhv hər zaman baş verir. Bu cür hallarda detallı araşdırılıb, fikir bildirilsə, daha yaxşı olar.

 

- Azarkeşlərlə görüş təşkil edib, vidalaşmaq fikriniz var?

- Azarkeşlərin karyeramda böyük rolu olub. “Neftçi”, “Qarabağ” və milli komandada dəstəklərini hiss etmişəm. Belə vidalaşmaq istəməzdim. Ancaq indi vəziyyət hamıya məlumdur. Sərt karantin rejimidir və hətta oyunlar davam etsəydi də, azarkeşlər tribunalara buraxılmayacaqdı. İndi hansısa fikir səsləndirməyim düz olmaz. Fikrim o idi ki, “Neftçi” ilə vida oyunu təşkil edib, azarkeşlərlə vidalaşım. Bir hissə “Neftçi”də, bir hissədə “Qarabağ”da oynamaq istəyərdim. Çünki hər iki komandanın azarkeşlərinin böyük dəstəyi olub.

 

- Daha bir neçə il Azərbaycan çempionatında oynamaq gücünüz var idi?

- Ətrafımda çox insan deyirdi ki, Azərbaycan çempionatında 2 il oynaya bilərəm. Performansımda eniş hiss etmirdim ölkə çempionatında. Oynaya bilərdim. Müasir futbol üçün 38 yaş çoxdur. Qərara aldım ki, futbolu bitirim. Ümumi fikirləşib, belə qərar verdim. Fikrim qəti idi və davam etməyi düşünmədim.

 

- Gəlcəkdə ölkə xaricində məşqçi kimi çalışmaq istəyirsiniz?

- Belə bir hədəfim var. Özümə hədəf qoymağı xoşlayıram. Məşqçi kimi hədəfim budur ki, 5-6 il sonra ölkə xaricində çalışım. Məşqçiliyə başlayanda tutduğum yol belə olub. Təcrübəli məşqçilərlə görüşüb, praktika toplamağı xoşlayıram. İngilis dili biliyimi zənginləşdirməyə çalışacağam. Psixologiya idmanda vacib amildir. Məşqçilikdə isə daha önəmlidir. Futbolçu ilə söhbətdə arada tərcüməçi olacaqsa, futbolçunun beyninə girə bilməyəcəm. Buna görə də dil biliyim olmalıdır. Hətta ispan və portuqalca da öyrənmək fikrim var. Pandemiyaya görə müəllim yanına gedə bilmirəm. Vəziyyət düzələn kimi, dil öyrənəcəyəm.

 

- Bu yerə çatmağınızda kimlərin rolu olub?

- Bir çox insanlar həyatımda önəmli rol oynayıb. Kimisə bölmək istəmirəm. 8 il Vaqif Paşayevin yanında yetişmişəm. Kazbek Tuayev peşəkar karyeramda rol oynayıb, mənə güvənib. Yığmada 100-dən çox oyun keçirmişəm. Xorvatiyaya 0:6-dan sonra çox üzgün idim. Robert Prosineçki gəldi və dəstəklədi məni. Onun gəlişindən sonra uğurlu oyunlar keçirtdik və qrupda ilk yerlərdə idik və 100 matç səddini aşdım. Bəlkə də, 33 yaşında karyeramı bitirə bilərdim, amma Qurban Qurbanova buna görə minnətdaram. 27 yaşında “Neftçi”dən ayrılandan sonra mənə maraq yox idi, amma “Qarabağ”dan təklif aldım. Mənə azarkeşlərin də dəstəyi çox olub. Dəstək hiss edəndə tam fərqli motivasiya ilə çıxış edirəm. “Neftçi” və “Qarabağ” rəhbərliyinin karyeramda rolları olub. Hamını sadalaya bilmirəm. Hər kəsə dərindən təşəkkür edirəm.

 

- Başqa klubda çalışacaqsınız, yoxsa “Qarabağ”da Qurban Qurbanovun köməkçisi olacaqsınız?

- Qurban Qurbanovun mənim həyatımda necə rol oynadığı hamıya məlumdur. Qərara gəldik ki, 10-15 gün fasilə götürək və bundan sonra gələcəyimlə bağlı qərar verəcəyik. Onun mənə ehtiyacı varsa, yanında olacağam. O insan nə vaxt mənə ehtiyac duysa, yanında olacağam və bu, müzakirə edilməyəcək. Nə iş olsa, Qurban müəllimlə məsləhətləşəcəyəm. Onun fikirləri mənim üçün çox önəmlidir.

 

- 14 nömrəli formanın “Qarabağ”da əbədiləşdirilməsi mümkündür?

- Xeyr, belə bir amilin tərəfdarı deyiləm ki, formam əbədiləşdirilsin. Klub qarşısında elə bir əməyin olmalıdır ki, bu, baş versin. Hazırda belə bir futbolçu görmürəm. Bəlkə də gələcəkdə olar.

 

- “Qarabağ”da “Neftçi”yə qarşı oyunlarda özünüzü necə hiss edirdiniz?

- Özümü çox narahat hiss edirdim. Xüsusilə də “Qarabağ”da “Neftçi”yə qarşı oynayanda. Qapımız “Neftçi” azarkeşlərinə yaxın olanda narahat olurdum. Təhqiredici ifadələr olsaydı, məni çox üzərdi. Şükür Allaha, belə hal yaşanmadı. Həmişə mübarizəmiz centlmensayağı oldu. Aramızda prinsipiallıq olub, amma xüsusi olmayıb. Hər iki klub Azərbaycan futbolunun ağırlığını çiyinlərində daşıyır. Qoy prinsipiallıq ədalətli şəkildə meydanda olsun. Qələbə və məğlubiyyət idmanda olan hallardır.

 

- Premyer Liqanın erkən başa çatdırılmasına münasibətiniz necədir?

- Çempionatın davamını istəyirdim. Həmin vaxt sərt karantin deyildi. Qərardan sonra sərt karantin rejimi tətbiq olundu. Çempionata hazırlıq başlamışdı. Şənbə və bazar günləri üçün karantin rejimi tətbiq ediləndə, suallar ortaya çıxdı. Həmin vaxtda da açıqlamışdım ki, oyunlar keçirilsin. “Neftçi” ilə çempionluq yarışında idik. “Oynamaq istəmirik” fikrini özümüz üçün həzm edə bilməzdik. Sərt karantinə görə çempionatın dayandırılması ilə barışmalıyıq. Ciddi siqnaldır və futbol bizim üçün ikinci məsələ oldu. İnsanların sağlamlığı daha vacibdir. Avqustda klublarımız avrokuboklarda, yığmamız sentyabrda Millətlər Liqasında oynamalıdır. Futbolu qısa müddətdə bərpa etmək çətin idi. Dörd aydır ki, rəsmi oyun keçirmirik. Ev şəraitindəki məşqlər, yoldaşlıq matçları rəsmi oyunun yerini vermir. Hazırda ən önəmli olan avrokuboklarda çıxış edəcək klubların durumlarıdır. Potensial rəqiblərimizin çoxu çempionatlarında oynayır. Onlar bizdən indi çox yaxşı formadadırlar. İstanbul relsi açılıb. İşlər görülür ki, toplanış üçün nəsə fikirləşək.

 

- Bu vəziyyətdə klublarımız avrokuboklarda mübarizəni erkən dayandırsalar, uğursuzluq sayılacaq?

- Mərhələ ilə bağlı son illərdə də problemlər olur. Elə olub ki, iki klubumuz bir mövsümdə qrupda oynayıb. Bəzən ilk mərhələdə dayanır klublarımız. Hazırlıqdan çox şey asılıdır. İki ayı yaxşı səviyyədə keçirsək, ümid etmək olar. İndi bu haqda danışmaq çox tezdir.

 

- COVID-19-dan necə qorunursunuz?

- Ciddi xəstəlikdir və gözlə görünmür ki, bundan asan qorunaq. Tövsiyə edilən qaydalara riayət edirəm. Mənim qohumlarımdan və dostlarımdan da virusa yoluxan olub. Mən bu xəstəliyə inanıram. İnanmayanlar isə sussun və danışmasınlar. Çünki infeksiyanın olmadığını iddia edən şəxs bunun məsuliyyətini daşıyır. Bəlkə, sənin sözünə kimsə inandı və qaydalara əməl etmədi? Son 3-4 ayda valideynlərimi iki dəfə görmüşəm. Onları təcrid etmişəm və qoruyuram. Xəstəlik yaşlı insanlara təsir edir və buna görə belə qərar vermişəm.

 

- Hansı futbolçuların “Qarabağ”a qayıtmasını istəyərdiniz?

- Dino Ndlvovu, Leroy Corc, İbrahim Şehiç və Riçard Almeyda yaxşı formada olduqları vaxtda getmişdilər. Ansi Aqolli yaşlanmışdı və karyerasının sonları idi, buna görə ABŞ-a getmək istədi. Pedro Enrike çox yaxşı futbolçu idi. Kimin qayıtmasını istəyərdim? Bunu cavablandırmaq istəməzdim. “Qarabağ”ın dəyərlərini anlayan hər futbolçunu komandamızda görmək istəyərdim. Dani Kintananı unutdum. Uğurlarımızda böyük payı olub. Reynaldonun etdikləri unudulmazdır. Onunla meydanda oynamaq başqa aləmdir. Georgi Adamiyanın yaxşı oyunları olub. Yaxşı futbolçularla oynamışıq.

 

- Riçard Almeyda karyerasını “Qarabağ”da bitirmək istədiyini açıqlamışdı. Onun ağdam klubuna dönüşünü istəyərdiniz?

- Riçard Almeydanın qayıdışına hər zaman şad olaram. Məşqlərdə peşəkar, meydançada isə əzmkardır. Mövsüm ərzində nadir oyunları buraxır. Dönüşü reallaşsa, çox sevinərəm. Hər məşqçinin arzuladığı futbolçudur.

 

- AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşünüzdə nəyi müzakirə etmisiniz?

- Elxan Məmmədovla görüşüm xüsusi reaksiyaya səbəb oldu. Hər zaman uğurlarımızda bizi təbrik edir, millinin yaxşı nəticələri olanda mən də təbrik edirəm. Görüş mövsümün əvvəlində olmuşdu. Bir müddət idi görüşmürdük. Adi görüşlərdən biri idi, futbolu müzakirə etdik və başqa məsələlərdən danışdıq. Xüsusi görüş deyildi. Görüşlər əvvəl də olub, bundan sonra da ola bilər

 

- Vurduğunuz qollardan hansıları unuda bilmirsiniz?

- “Qarabağ”da “Rusenburq”a, yığmada Türkiyə millisinə vurduğum qolları qeyd edərdim.

 

- İndi gənc futbolçu olsanız və “Qarabağ”la “Neftçi”dən təklif gəlsə, hansını seçərdiniz?

- Çətin sualdır. Kim birinci hansı təklif etsə, onu seçərəm.


Digər xəbərlər

Xəbər xətti