Milli Mətbuat Günü ilə əlaqədar media nümayəndələri üçün videokonfrans keçirilib - FOTOLAR

14:42 22 İyul 2020

Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Milli Antidopinq  Agentliyi (AMADA) media nümayəndələri üçün “virtual kafe” formatında  videokonfrans keçirib. 

 

Sportarena.az xəbər verir ki, konfransda AMADA və kütləvi informasiya vasitələrini (KİV) birləşdirən prinsiplər və Antidopinq nəzarətinin həyata keçirilməsində KİV-in rolu  mövzularında  müzakirələr aparılıb. Videokonfransda  AMADA-nın direktoru Şəfəq Hüseynli  media nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri böyük tarixi hadisədir. Həmin hadisədən ötən 145 il ərzində Azərbaycan mətbuatı böyük tarixi yol keçib. “Əkinçi”dən başlayan mətbuat ənənələrimiz bu gün uğurla davam və inkişaf edir. Mətbuatın cəmiyyətdəki rolundan da bəhs edən Ş.Hüseynli deyib ki, AMADA  daim kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlıq ədalətli və təmiz idmanın təbliği baxımından vacibdir.  Ş. Hüseynli bildirib ki, antidopinq nəzarətinin həyata keçirilməsində maarifləndirmə  xüsusi əhəmiyyət kəsb edir  və bu məsələdə mətbuatın geniş imkanları var. Qadağan edilmiş maddə və üsullarla bağlı istər peşəkar, istərsə də həvəskar idmançılar daim maarifləndirilməlidir. Bu, ilk növbədə onların sağlamlığı üçün vacibdir.

 

Tədbirdə həmçinin vurğulanıb ki, AMADA antidopinq sahəsində maarifləndirmə  tədbirlərinin həyata keçirilməsi üçün  media nümayəndələri ilə birgə layihələr reallaşdırmaq niyyətindədir.

 

Daha sonra mətbuat nümayəndələri də fikirlərini bölüşərək antidopinq nəzarətinin həyata keçirilməsində  maarifləndirmənin aparılması baxımından öz dəstəklərini ifadə ediblər. Sonda isə  AMADA-nın direktoru Ş. Hüseynli jurnalistlərin suallarını cavablandırıb.



Digər xəbərlər

Xəbər xətti