"Qurban Qurbanov istədiyi zaman "Hatayspor"un baş məşqçisi ola bilər" - MÜSAHİBƏ

13:22 24 İyul 2020

Türkiyə Super Liqasının debütantı "Hatayspor" klubunun prezidenti Nihat Tazearslan müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışıqlarınız nə yerdə qaldı?
- Qurban Qurbanovun "Qarabağ"la qazandığı uğurlar daim diqqət mərkəzimizdədir. Baş məşqçimiz Mehmet Altıparmakla yollarımızı ayırdıqdan sonra Qurban müəllimlə danışığa başladıq. Onunla çalışmağı çox istəyirdik. Bunun üçün əlimizdən gələni etdik. Ancaq danışıqlar zamanı bir irəliləyişə nail ola bilmədik.

 

- Yəni Qurbanovun "Hatayspor"u çalışdırmayacağını artıq söyləmək olar?
- Təəssüf ki, son duruma əsasən bu keçidin baş tutmayacağını demək olar. Bu məsələ ilə bağlı dünən transfer komitəmizlə görüşümüz oldu. Onların Qurban Qurbanovla aparılan danışıqlarla bağlı təqdim etdiyi raporta əsaslanaraq qərara gəldik ki, artıq alternativ variantları nəzərdən keçirək. Hər iki tərəf üçün xeyirlisi nədirsə, o da olsun.

 

- Sizin üçün prioritet "Qarabağ"ın baş məşqçisi idi?

- Bəli, baş məşqçi postuna ilk namizədimiz Qurbanov idi. Təbii ki, alternativlərimiz də var idi. Ancaq bütün diqqətimizi ilk növbədə Qurban müəllimlə danışıqlara yönəltmişdik. Təəssüf ki, istəyimiz reallaşmadı. Çox vaxtımız da yoxdur. Ən geci 10 gün ərzində yeni baş məşqçini müəyyənləşdirməliyik.

 

- Qurban Qurbanov təklifinizə "yox" cavabını nə ilə əsaslandırdı?
- O, Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri səbəb kimi göstərdi. Məsələyə həssas yanaşdığı və vətənpərvər insan olduğu üçün "Qarabağ"ı tərk etmək istəmədi. Onun qərarına hörmətlə yanaşırıq. Ancaq onu da deməliyəm ki, Qurban Qurbanova daim qapımız açıq olacaq. Nə zaman gəlmək istəsə, məmnuniyyətlə onunla çalışmağa hazırıq.

 

- Deyəsən birdəfəlik əlinizi üzmürsünüz...
- Əlbəttə, üzmürük. Ona komandasında uğurlar arzulayırıq və oyunlarını da zövqlə izləyirik. Təbii ki, gələcəkdə fikrini öyrənmək üçün Qurban müəllimlə yenidən danışıq aparacağıq. Bir daha təkrar edirəm, istədiyi zaman "Hatayspor"un sükanı arxasına keçə bilər.

 

- Bu keçidlə bağlı "Qarabağ" rəhbərliyi ilə necə, görüşünüz olmuşdumu?
- Klubumuzun fəxri-prezidenti Lütfü Savaş bu məsələ ilə şəxsən özü maraqlanırdı. "Qarabağ" rəhbərliyi ilə söhbətləri o aparırdı.

 

- Qurban Qurbanovun xidmətində israrla maraqlı olduğunuzu bildirirsiniz. Deyilənə görə, onu rəhbərliyə yeni idman direktoru Fatih Kavlak təklif edib...
- Xeyr. Fəxri-prezidentimiz Lütfü Savaş "Qarabağ"ın baş məşqçisinin işini çox bəyənir. Qurban müəllimi də məhz Savaş özü təklif etmişdi.

 

- Baş məşqçi ilə anlaşmasanız da, Azərbaycandan hansısa futbolçunu "Hatayspor"a aparmaq planınız varmı?
- Qurban müəllim gəlsəydi, Azərbaycandan futbolçu transfer edərdik. Əlbəttə ki, qərarı o verəcəkdi. Əgər ölkənizdən oyunçu gətirmək istəsəydi, buna müsbət yanaşacaqdıq. Ancaq indiki durumda nəsə demək çətindir. Hər şey yeni baş məşqçinin istəyindən asılı olacaq (apasport.az).


Digər xəbərlər

Xəbər xətti