“O söhbət bağlandı. Danışıqları dayandırdıq. Bu barədə çox danışmaq, fikir bildirmək istəmirəm”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yenicə Türkiyə Superliqasına vəsiqə qazanmış “Hatayspor”dan aldığı təklif barədə danışarkən deyib. 48 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan - Ermənistan sərhədində gərginliyin davam etdiyi bir vaxtda Ağdam klubunu tərk edə bilməzdi:
“Burada həssas məqamlar çoxdur. Cəbhə bölgəsindəki gərginliklər fonunda mənim “Qarabağ”dan getməyim düzgün olmazdı. Bilmirəm, bəlkə başqa komandada olsaydım, fərqli fikirləşərdim. Amma hazırkı komandada olduğum üçün belə qərar verməli idim. Bunun başqa cavabı yox idi”.
Qurbanovun sözlərinə görə, Türkiyə klubunun rəhbərliyi onun qərarını anlayışla qarşılayıb: “Məni çox düzgün başa düşdülər, uğurlar arzuladılar. Mənə inanıb güvəndiklərinə görə sağ olsunlar. Amma hazırkı mövqeyim bəllidir. Belə qərar verməli idim, belə də etdim. İndiki məqamda “Qalatasaray”dan da təklif gəlsəydi, getməyəcəkdim”.
Baş məşqçinin sözlərinə görə, "Hatayspor" rəhbərliyi gələcəkdə də bu məsələyə yenidən qayıdacağını bildiribsə, buna görə Türkiyə klubuna yalnız minnətdar ola bilər.
Qeyd edək ki, “Hatayspor” rəhbərliyi bir neçə dəfə Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis qarşı tərəfə müsbət cavab verməyib.(Report)