"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfovun "Report"a müsahibəsi
- "Qəbələ" artıq iki yoxlama matçını keçirib. Komandanızın hazırlıq səviyyəsi sizi razı salır?
- Sözsüz ki, yox. Bu barədə danışmaq hələ tezdir. Məncə, ilk matçda daha yaxşı təsir bağışlamışdıq. Budəfəki oyunun ikinci hissəsində heyətimizin demək olar ki, hamısı gənclərdən - əksəriyyəti akademiyanın uşaqlarından ibarət idi. Bunlar yoxlama oyunlarıdır, əsas məsələ oyun üslubu, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək, futbolçuların yoxlanışıdır. Mənə elə gəlir ki, bu, meydanda görmək istədiyimiz "Qəbələ" deyildi. İnanıram ki, qarşıdakı yoxlama matçlarında komandamız formalaşacaq. Komplektləşmənin zamanı daha çox baş məşqçiyə aid məsələdir. Amma mənə elə gəlir ki, kifayət qədər vaxtımız var.
- Transferlərlə bağlı məsələ nə yerdədir?
- Bəzi oyunçularla danışıqlar aparırıq. Komanda komplektləşməlidir ki, artıq bundan sonra baş məşqçidən məzmunlu nə isə istəyə biləsən.
- Cavid Hüseynovun qayıdışı bir az gözlənilməz oldu...
- İnanıram ki, Cavidin komandaya köməyi dəyəcək. Buna inanmasaq, onu "Qəbələ"yə dəvət etməzdik. Hüseynovu komandada daha çox baş məşqçimiz Elmar Baxşıyev görmək istədi. Hesab edirəm ki, Hüseynovun köməyini görəcəyik. Bəzi başqa futbolçularla da danışıqlar gedir. Yaxın günlərdə bununla bağlı açıqlamamız olacaq.
- Keçmiş futbolçularınızdır?
- Bəli, keçən il heyətimizdə olanların bəziləri ilə danışıqlar gedir.
- AFFA İcraiyyə Komitəsi "Qəbələ"yə 1,5 milyon manat vəsait ayırdı. Bu yardım klubunuzu nə dərəcədə problemlərdən çıxara biləcək?
- İlk növbədə, AFFA rəhbərliyinə göstərdikləri köməyə görə təşəkkür edirəm. Bu məbləğ sözsüz ki, komandanı tam formalaşdırmağa kifayət etməz. Əlavə vəsait üçün danışıqlar aparılır. Yəqin ki, müəyyən qədər də vəsait əldə edəndən sonra bacardığımız qədər, büdcəyə uyğun yaxşı komanda quracağıq.
- Kimlə danışıqlar aparırsınız?
- AFFA ilə danışqılar yekunlaşdı, məbləğ də ayrıldı. Başqa sponsorlarla danışıqlar aparırıq. Bunlar keçənilki sponsorlardır, əsas məbləğlə bağlı danışıqlar gedir.
- AFFA-nın ayırdığı vəsaitdə göstərilib ki, məbləğ uşaq futboluna yönəldilməlidir. Belə çıxır ki, bu vəsaitdən əsas komanda üçün istifadə edə bilməcəyəksiniz?
- Bildiyim qədərilə, bu, tövsiyə xarakterlidir. Yəqin ki, "Qəbələ"ni nəzərdə tutmurlar. Çünki onsuz da bacardığımız qədər bu işi görürük. "Qəbələ" üçün prioritet məsələlərdən biri akademiya, uşaq futboludur. Maksimum çalışacağıq ki, akademiyamız da o məbləğin daxilində yer alsın, onlara da kifayət qədər məbləğ ayılsın. Bunu bacardığımız qədər edəcəyik.
- Akademiyanın rəhbəri Halim Fıçıcı ilə bağlı məsələ nə yerdədir Belə söz-söhbət gəzir ki, onunla da yollar ayrılacaq?
- Hələ bununla bağlı tam qərar verməmişik. Akademiya ilə bağlı məsələlərin müzakirəsi üçün kifayət qədər vaxtımız var. Yenə də hər şey komandanın büdcəsinin formalaşmasından asılıdır. Hansısa maddi vəsait əldə edə bilsək, buna uyğun da akademiya və əsas komandanı qurmaq məcburiyyətindəyik.
- Türkiyəli mütəxəssisin "Qəbələ"də qalma ehtimalı nə qədərdir?
- İndidən dəqiq bir şey bilmirəm. Səmimi deyirəm ki, bu məsələ büdcədən asılıdır.