Milli komandamızla yolları ayırandan sonra Nikola Yurçeviçdən səs-soraq yoxdu. Düzdü, arada ölkəsi Xorvatiyanın və bizim mediaya açıqlamaları ilə gündəmə gəlir. Karyerasındakı durğunluğun səbəbi, yığmamıza Canni De Byazinin təyinatı ilə bağlı fikirlərini öyrənmək üçün 53 yaşlı mütəxəssislə əlaqə saxladıq. Xorvatiyalı ilə millimizdəki problemlərdən, Millətlər Liqasındakı şanslardan və premyer-liqanın dayandırılmasının təsirindən danışdıq.
- Həyatınız necə davam edir? Nə işlə məşğulsuz?
- Bir neçə aydı Zaqrebdəyəm. Koronavirus pandemiyasına görə həyatımız çətinləşib. Hazırda vəziyyət bir az yaxşılaşır. Yeni qaydalara riayət edirik. İndiki durumda hər şeyin normallaşmasını gözləməliyik. Başqa nə edə bilərik?! İdmanla məşğul oluram, öz üzərimdə işləyirəm. Futbolla və məşqçiliklə bağlı biliklərimi artırıram.
- Bu müddət ərzində hansısa iş təklifi almısız?
- Bir neçə klub mənimlə yaxından maraqlanırdı. Lakin qəbul etmədim. Düşündüm ki, mənə uyğun layihələr deyil.
- Bilmək olar, hansı klublar sizinlə maraqlanırdılar?
- Bu haqda danışmaq düzgün olmaz. Çünki təklifləri qəbul etməmişəm.
- Canni De Byazi milli komandamızın yeni baş məşqçisi təyin olunub. Bundan xəbəriniz var?
- Bəli, bu barədə xəbəri oxudum. Ona yeni iş yerində uğurlar arzulayıram.
- Bunun baş vermək ehtimalı var?
- Hazırda futbola yanaşma fərqlidi. Dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Düşünürəm ki, bundan ən çox azərbaycanlı futbolçular əziyyət çəkirlər. Çünki onlar uzun müddətdi normal futbol oynamırlar. Buna görə nəsə demək çətindi. Düşünürəm ki, milli komandanız De Byazi ilə uğur əldə edə bilər. Çünki Millətlər Liqasındakı rəqiblər Azərbaycanla eyni gücdədilər. Bütün futbolçular bacarıqlarını tam göstərə bilsələr, qrupda yaxşı nəticələr əldə edə bilərlər.
- Sizcə, qrupda bizə ən çox problemi hansı milli yaradacaq?
- Bir daha xatırladım ki, güclər bərabərdi. Müqayisəyə qalanda, Monteneqrodan çəkinmək olar. Çünki bütün futbolçuları legioner həyatı yaşayır.
- Canni De Byazi milli komandada ilk növbədə hansı problemi həll etməlidi?
- De Byazi mütləq iki və ya üç keyfiyyətli futbolçu tapmalıdı. Amma bununla hər şey həll olunmayacaq. Çünki o, futbolçuların potensialına bələd deyil. Çempionat yarımçıq dayandırılıb, yeni mövsüm də start götürməyib. Çətin olacaq. Lakin De Byazi təcrübəli məşqçidi. O, milli üçün ən yaxşısını edəcək.
- Canni De Byazi futbolçulara Azərbaycan dilində müraciət etdi. O, hətta bizim dildə danışmağa cəhd etdi. Sizcə, bu, onun bir jestidi, yoxsa oyunçulara mental olaraq psixoloji cəhətdən istəkli olduğunu göstərir?
- Bilmirəm. Hər məşqçinin bir tərzi var. Bu da De Byazinin üslubudu.
- Yığmanın hazırkı oyunçuları ilə De Byazi Millət Liqasının qrup mərhələsini keçə biləcək?
- Rəqiblərin gücləri bərabərdi. Hər şey ola bilər.
- İtaliyalı məşqçinin 4 yerlisi millidə köməkçisi funksiyasını yerinə yetirəcəklər. Sizcə, böyük kollektiv uğur əldə etmək üçün effektli ola bilər?
- Hamı məşqçilər korpusunu özü təyin edir. Bu, onun əsas hüququdu. De Byazi də bu haqqından istifadə edib.
- Məşqçilərdən biri B, digəri C kateqoriyalıdı...
- Lisenziya o qədər də vacib deyil. Millinin baş məşqçisi onlara güvənir. Bu artıq onların işləməsi üçün yetərlidi.
- Klublarımızın hamısı Qəbələdə təlim-məşq toplanışında oldular. Bu məqam futbolçuların çıxışına təsir etməyəcək ki?
- Yoldaşlıq görüşləri əsas matçları əvəz edə bilməz. Uzun müddət futbolsuz qalmaq oyunçulara da təsir edəcək. İzləyək, görək nə olacaq.
Mənbə: "Futbol+”